kriminal.az
Azərbaycan və Rusiya XİN başçılarının Moskvada görüşü olub - YENİLƏNİB + FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramovun Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşü barədə açıqlama verib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Tərəflər ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub.

Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu, ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin və separatçı rejiminin mövcudluğuna son qoyulduqdan sonra sülh sazişinin razılaşdırılması üçün şərait yarandığını vurğulayıb.

Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin tərəfdarı olduğumuz diqqətə çatdırılıb.

Görüşdə, həmçinin, iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

14:13

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə  Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

“İkitərəfli münasibətlərin aktual məsələlərinə toxunulub. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin müddəalarının həyata keçirilməsi üzrə gələcək birgə addımlar müzakirə edilib”, - deyə nazirlikdən bildirilib.

Məlumata görə, görüşdə regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illərə aid ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyi təsdiqlənib.

Həmçinin qeyd edilib ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər, o cümlədən “Xəzər beşliyi” çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

11:22

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş baş tutub.

Görüşdə iki qonşu ölkə arasında münasibətlər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, həmçinin regionda və dünyada cərəyan edən hadisələr müzakirə olunub.

Məlumat üçün əlavə edək ki, bu gün Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Top
0.22046399116516