ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının builki seçkidə namizədi Donald Tramp açıq şəkildə kriptovalyuta ilə alış-veriş edən ilk lider olub.
Nyu-Yorkdakı "PUBKEY" barında Trampın burgerlər üçün ödənişi "Bitcoin"lə olub. O, aldığı burgerlərə orada olan hər kəsi qonaq edib.
Kriminal.Az bu barədə aif.ru-ya istinadən məlumat verir.
Bu simvolik jest kriptovalyuta həvəskarlarının toplaşdığı məkan kimi tanınan barın müştərilərini heyran edib. Onlardan biri, hətta respublikaçıların seçki şüarı olan "Amerikanı yenidən əzəmətli edək!" şüarını dəyişdirərək - "Bitcoin"i yenidən əzəmətli edək!" - deyə qışqırıb.
Tramp dəfələrlə kriptoiqtisadiyyatı dəstəkləmək və inkişaf etdirmək zərurətindən danışıb. O, ABŞ-də "Bitcoin" strateji ehtiyatı yaratmaq planlarından bəhs edib.
Qeyd edək ki, "Bitcoin"in qiyməti son beş ildə 500%-dən çox artıb. Bir "Bitcoin"in cari dəyəri 61 248.5 dollardır. Tramp kimi nüfuzlu siyasətçilər tərəfindən kriptovalyutalara açıq dəstək "Bitcoin" və digər rəqəmsal aktivlərin mövqelərinin daha da güclənməsinə kömək edə bilər.