Beyləqan rayonu Şəfəq qəsəbəsində qeydə alınan qəza zamanı avtobusda 20 nəfər olub.
Kriminal.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə bu gün saat 8 radələrində Daşburun-Yuxarı Qarabağ avtomobil yolunun 22-ci kilometrliyində baş verib:
“Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində Gülməmməd İmanovun idarə etdiyi “İsuzu” markalı, 77-JG-506 dövlət qeydiyyat nişanlı avtobus sərt döngədə yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Qəza nəticəsində nəqliyyat vasitəsinin içərisində biri qadın olmaqla 18 nəfərə ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar”
Faktla bağlı araşdırma aparılır.
12:06
Beyləqan rayonunda baş verən qəza zamanı xəsarət alanların sayı məlum olub.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından Kriminal.Az-a verilən məlumata görə, avtobusun aşması nəticəsində ümumilikdə 11 nəfər xəstəxanaya müraciət edib.
Bildirilib ki, hazırda xəstəxanada iki nəfərin müalicəsi davam edir. Onlardan səkkiz nəfəri zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Bir nəfər isə Bakıya Sabunçu Şəhər Klinik Xəstəxanasına göndərilib.
Kriminal.Az-ın əldə etdiyi məlumata görə, “İsuzu” markalı avtobusda ümumilikdə 20 nəfər şəxs olub.
Faktla bağlı araşdırma aparılır.
11:20
Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Kriminal.Az xəbər verir ki, “İsuzu” markalı avtobus Zəngilandakı tikinti işlərinə cəlb olunan fəhlələri daşıyırmış. Beyləqan rayonundakı Şəfəq qəsəbəsi ərazisində avtobus qəzaya düşüb.
İlkin məlumata görə, avtobusun aşması nəticəsində 10-dan çox yaralı var.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.
Dursun Tağıyeva