Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslərin getdiyi bir vaxtda təkcə regional geosiyasi proseslərə deyil, həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına sahib ölkədir.
Bunu Kriminal.az -a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat bildirib ki, cənab Prezident “Əl-Ərəbiyyə”yə müsahibəsində hər zaman olduğu kimi mühüm məsələlərə toxunub, ölkəmizin mövqeyini, qlobal miqyasda gedən proseslərə yanaşmasını açıq şəkildə ortaya qoyub: “Bu müsahibə həm də Azərbaycanın beynəlxalq siyasi gedişata olan mövqeyinin təqdimatıdır. Dövlətimizin başçısı müsahibədə həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar verdi”, - o qeyd edib.
Deputat əlavə edib ki, beynəlxalq arenada siyasi və iqtisadi böhranın dərinləşdiyi bir vaxtda bütün bu proseslərin dəqiq, düzgün təhlil olunaraq yönləndirilməsində şəxsiyyət və lider amili olduqca mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan Prezidenti müsahibəsində məhz bu liderlik faktorunu, hadisələrə və proseslərə ən düzgün siyasi məntiqlə yanaşdığını bütün parametrlərlə ortaya qoyub. Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra bölgədə sabitliyin əleyhinə olan qüvvələr üçün dövlətimizin başçısının “Bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil” mesajı kifayət qədər açıq və konkret ifadə olunmuş bir həqiqətdir. Yekun sülh üçün Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəanın çıxarılması dəyişilməz şərtdir. Prezident bir daha bəyan etdi ki, əks yol qarşı tərəf üçün xoşagəlməz nəticələr yaradacaq. Son razılaşma şərtlərindən geri durmaq və ya hər hansı xarici müdaxilə ilə rəsmi İrəvanın mövqeyində dəyişiklik yalnız ABŞ deyil, həm də beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələri yanında Ermənistanın dövlət imicinin itirilməsinə gətirib çıxaracaq. Azərbaycan lideri bu kimi planları düşünən erməni revanşizminə də Azərbaycan dövləti adından qəti mövqeyini bildirdi: “Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik”.
“Düşünürəm ki, müsahibədə təkcə Azərbaycan Respublikasında və İranda yaşayan soydaşlarımızın deyil, bütövlükdə dünya azərbaycanlılarının sevinc və qürurla dinlədiyi məqam İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian haqda fikirləri oldu. Məsud Pezeşkianın Azərbaycana səfərlərinə toxunan Prezident İlham Əliyev “O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq”, - fikri ilə bölgədə Azərbaycan və azərbaycanlı faktorunun diplomatik şəkildə ən ideal ifadəsini verdi. Bu baxımdan Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatı haqda fikirləri də xüsusi diqqət çəkir. Dünyanın siyasi proseslərinə bu və ya digər şəkildə təsir edən beynəlxalq təşkilatların bir çoxunun məhz ortaq etnik qrup halında birləşdiyini qeyd edən Prezident qarşıya qoyulan hədəfi də “təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilmək” kimi açıqladı. Eyni zamanda, dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynayan, nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, əksinə, dünya sülhünün keşiyində duracaq güclü birlik olduğunu vurğulamaqla yüz illər boyu Türk hakimiyyəti altında bütövlükdə Asiyanın barış içində yaşadığı tarixi reallığı da xatırlatmış oldu. Bu mənada Prezidentin müsahibəsində dünyanın siyasi gedişatında ədalətsiz yanaşmadan yaranan hərbi qarşıdurmalara da sərt münasibət var. Dövlətimizin başçısı uzun illər işğaldan əziyyət çəkən bir ölkə kimi Ukraynanın, Suriyanın ərazi bütövlüyünü tanıyan, Fələstinin dövlət müstəqilliyinin tərəfdarı olan Azərbaycanı dünyaya ədalət və barış örnəyi kimi təqdim etdi”, - deputat vurğulayıb.
Mürtəza