Portuqaliyanın Gimarayeş şəhərində keçirilən batut gimnastikası, ikili minibatut və tamblinq üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan yığmasının üzvləri Vətənə dönüblər.
“Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub.
Mərasimdə Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tamblinq üzrə millinin üzvləri Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə komanda hesabında qızıl medala yiyələniblər. Yığmamız bu növ üzrə ilk dəfə Avropa çempionatında komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Əli Niftəliyev və Ammar Baxşaliyev də (batut gimnastikası) sinxron proqramda birinci yeri tutublar. Tofiq Əliyev (tamblinq), Ayan Şabanova və Samirə Hüseynova (batut gimnastikası) sinxron proqramda gümüş medal qazanıblar. Bu, Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında gənclərin sinxron proqramında qazanılan ilk gümüş mükafatdır.