Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə qurumdan Kriminal.Az-a məlumat verilib.
Bildirilib ki, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, sürücü və sərnişinlərdən bir sıra qaydalara ciddi əməl etmələri xahiş olunur.
İlk növbədə səfərə hazırlaşan sürücülər bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlər də bu qaydaya sözsüz əməl etməlidirlər. Dəyərli sürücülər, yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinin, uzaq məsafə qət edərkən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə etməklə qısamüddətli olsa da, istirahət edin!
Unutmayın ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi riayət etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək həm özünüzün, sərnişinlərinizin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir.