kriminal.az
Plastik əməliyyatlar, sovrulan milyonlar, qazanılan xəstəliklər: MÜƏMMALI SERTİFİKASİYA - FOTO

Hansı xəstəxanaya, hansı gözəllik salonuna üz tutsan az qala ilk qarşına çıxan estetik plastik cərrahiyyə əməliyyatlarının hay-küyü olacaq. Ən çox bundan danışılacaq. Ən çox bundan əməliyyat olunanlar gözünə dəyəcək. 

Əksər xanımlar öz burnundan, dodağından bədən quruluşundan imtina edir. Təbii ki, seçim onlarındır, ancaq bilmək lazımdır ki, estetik plastik əməliyyatlar sağlamlığa deyil, görünüşə xidmət edir.  Müştərilər xərclədikləri nəhəng pullar qarşılığında çox vaxt yeni xəstəliklər tapırlar. 

Səhiyyənin trendinə çevrilən estetik plastik cərrahiyyə əməliyyatlarını az qala əli bıçaq tutan hər kəs edir. İnanmırsınızsa, gözəllik salonlarına gedin. Ali təhsili olmayanlar haradansa aldıqları sertifikatlarla cərrahlıq edirlər. 

Bəs, onlara bu səlahiyyəti, bu gücü, bu qanundankənar fəaliyyət haqqını kim verir…

“Eşşək qulağı” və “pişik gözü” - iki aya qədər həbs, 74 şallaq

Plastik əməliyyatlar həyatımıza ilk dəfə 1916-cı ildə müharibə nəticəsində yaranan ağır üz yaralarını aradan qaldırmaq üçün insan üzərində aparılan əməliyyat kimi daxil olub. Lakin müsair dövrümüzdə gözəllik üçün plastik əməliyyatlara müraciət edilir. Hər il plastik cərrahlar dünyanın müxtəlif ölkələrində 11 000 000-dan çox plastik əməliyyat həyata keçirirlər.

Beynəlxalq Estetik Plastik Cərrahiyyə Cəmiyyətinin son hesabatları plastik cərrahiyyənin dünyada artmaqda davam etdiyini göstərir. Araşdırmalara görə, dünyada 18 yaşdan kiçik insanlar ən çox burun və sinə əməliyyatına müraciət edirlər. 

Son məlumatlara görə dünyada ən çox plastik əməliyyat etdirən ölkələr ABŞ, Braziliya , Meksika, Almaniya, Rusiya, Hindistan, İtaliya və Türkiyədir.

İranlı qadınlar da dünyada ən çox plastik cərraha müraciət edən qadınlar sırasındadır. Bu kimi əməliyyatlar o qədər artıb ki, İran parlamentinin hüquq komissiyası “eşşək qulağı” və “pişik gözü” plastik əməliyyatı etdirən və edənlərə 10 gündən iki aya qədər həbs cəzası və 74 şallaq cəzası tətbiq ediləcəyini açıqlayıb.

Həkim deputatdan həyəcan təbili: Bu prosedurları Tibb Universitetində təhsil almayan, bu sahədə ixtisaslaşmayan şəxslər həyata keçirirlər

Azərbaycanda da plastik əməliyyatlara etdirən qadınların sayı az deyil. Əvvəllər bu əməliyyatları məşhur şəxslər, müğənni, aktrisalar etdirirdi, indi isə yaşından asılı olmayaraq, hər kəsin maraq dairəsindədir. Üstəlik bu prosedurlar nəzarətsiz, lisenziyası olmayan, bu sahədə təhsili olmayan şəxslər tərəfindən həyata keçirilir.

Bəs, necə nəzarət edilməlidir?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli məsələ ilə bağlı Modern.az-a ürək ağrısı ilə danışıb.

O bildirib ki, bütün əməliyyatlarda olduğu kimi plastik əməliyatları da bu sahədə ixtisaslaşan mütəxəssis həyata keçirilməlidir:

“Bütün əməliyyatlarda olduğu kimi plastik əməliyatları da bu sahədə ixtisaslaşan mütəxəssis həyata keçirilməlidir. Əks halda mütəxəssis olmayan şəxsin fəsadlara səbəb olması ehtimalı çox yüksəkdir. Çünki biz bura həkimlik, tibb elmi baxımından nəzər yetirməliyik. Anatomiyanın, fiziologiyanın, sinir sisteminin, sümük sisteminin, dəri-əzələ sisteminin xüsusiyyətləri bilmək vacibdir. Təəssüf ki, bu prosedurları Tibb Universitetində təhsil almayan, bu sahədə ixtisaslaşmayan şəxslər həyata keçirirlər. Bundan başqa bu sahə 6 illik ümumi tibb təhsili, həkim mütəxəssis kimi 3-4 il ixtisaslaşma tələb edir. Düşünün ki, “mən mütəxəssisəm” demək üçün ən azı 10 illik müddət lazımdır. Hələ bu ixtisaslaşma, öz üzərində çalışma, daim yenilikləri tətbiq etmək məsələlərini kənara qoyarsaq, belədir. Azərbaycan Tibb Universitetində üz-çənə cərrahiyəsi üzrə ixtisaslaşan mütəxəssislər sonradan plastik cərrahiyə üzrə ixtisaslaşa bilirlər. Ümumi cərrahiyənin bir çox bölmələri vardır.

Üz-çənə cərrahiyəsi ayrıca kafedradır, həkim mütəxəssislər yetişdirir. Bundan sonra isə bu sahə üzrə ixtisaslaşa bilirlər. Bu sahə üzrə ixtisaslaşma uzun müddətli vaxt və zəhmət tələb edir.
Ona görə hansısa kosmetik, plastik əməliyyatı “mən bacarıram” deyənlər, hətta ümumi tibb ixtisası alıb, cərrah olmayıb bu işlə məşğul olanların özləri də qanunu pozurlar. Həmçinin məlumdur ki, tibb işçiləri sertifikasiyadan keçir. Bunlar olmadıqdan sonra risklərin olma ehtimalı hər zaman çoxdur”.

Deputat qeyd edir ki, bu məsələdə problem təkcə, proseduru həyata keçirən şəxsin mütəxəssis, ixtisaslaşmış olması ilə bitmir:

“Avadanlıqlar, müvafiq yer, tibb müəssisinin ona uyğun fəaliyyət göstərə bilməsi də vacib məqamdır.

Müayinələri həyata keçirmək üçün avadanlıqların olması, həkimin əməliyyatı həyata keçirmək üçün keyfiyyətli cihazlarının olması bir başqa prosesdir. Hətta yaxşı mütəxəssisin yaxşı avadanlığı olmadıqda belə, orada ağırlaşmalar ola bilir. Ona görə də vətəndaşlarımız özləri diqqətli olmalıdırlar. Öncədən araşdırmalıdırlar.

Belə məsələlərlə məşğul olan müəssisələr çox ciddi şəkildə başqa düşməlidirlər ki, bu ağır nəticələrə gətirib çıxara bilər. Sağlamlığa zərər vurmaq Cinayət Məcəlləsi ilə tənzimlənir. Bu şəxslərə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Belə hadisələr onlara cinayət işinin qaldırılması ilə yekunlaşa bilər. Həkim məsuliyyətsizliyi, səhlənkarlığı, qulluq mövqeyindən sui-istifadə kimi belə hallarla rastlaşırıq. İnsanlarımız özləri də diqqətli olmalı, sağlamlıqların riskə atmamalıdırlar. Həmin şəxsi araşdırıb, sonra müraciət etməlidirlər”.

Səhiyyə Nazirliyindən cavab: nöqsanlar aşkarlandıqda inzibati tənbeh tədbirləri həyata keçirilir

Maraqlıdır ki, Səhiyyə Nazirliyi tərəfindən kosmetoloji, plastik cərrahiyə fəaliyyəti göstərən mərkəzlərə nəzarət necə aparılır?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, kosmetoloji iş üzrə ambulator tibbi xidmət, plastik cərrahiyyə işi üzrə ambulator və stasionar tibbi xidmətlər “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlər” siyahısına daxil olduğundan bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar:

“Bu sahədə müvafiq ixtisas üzrə sertifikata malik həkim mütəxəssislər praktiki tibb fəaliyyəti göstərə bilər.

Lisenziyalı müəssisələrə nəzarət Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır.

Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilkdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir”.

Bizi maraqlandıran xeyli suallara hələ ki cavab tapa bilmirik. 

Azərbaycanda estetik plastik əməliyyatları həyata keçirmək üçün nə qədər rüsum almaqla hansı şərtlərlə hansı qurum sertifikat verir. Bu günə qədər neçə nəfərə belə əməliyyat etmələri üçün sertifikat verilib və sertifikat alanlar bundan öncə hansı ixtisas sahibi olublar. Sertifikatlı və tibbi savadı olmayan neçə nəfərin etdiyi estetik plastik əməliyyatlardan nə qədər şikayətlər olub...

Top
0.053443193435669