“Sabah” komandasının Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümü lider kimi başa vuracağı dəqiqləşib.
AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi buna ölkə çempionatının XVII turunda “Sumqayıt”ı 93:73 hesabı ilə məğlub etməklə nail olub.
Bu qələbədən sonra xallarını 31-ə çatdıran bakılılar son turdakı oyunların nəticəsindən asılı olmayaraq pley-offa ilk pillənin sahibi kimi vəsiqə əldə edib.
Reqlamentə əsasən, müntəzəm mövsümdə ilk iki yeri tutan komandalar pley-offa birbaşa yarımfinal mərhələsindən başlayırlar.
Rimas Kurtinaytisin başçılıq etdiyi kollektiv hazırda 31 xalla turnir cədvəlinin lideridir.
Qeyd edək ki, “Sabah” ötən il də müntəzəm mövsümü ilk sırada tamamlayaraq pley-offa adlayıb və yekunda Azərbaycan çempionu olub.