kriminal.az
AFFA-dan hüquq-mühafizə orqanlarına MÜRACİƏT: Danışılmış matç iddiası ilə bağlı araşdırma başlandı

Azərbaycan birinci Liqasının 20-ci turunda aprelin 4-ü keçirilən “İrəvan” - “Araz Saatlı” oyununun (1:4) nəticəsi ilə bağlı müəyyən şübhələr yaranıb.

Qol.az xəbər verir ki, sözügedən görüşün danışılmış matç olması ilə bağlı iddialar səsləndirilir. 

Məsələ ilə əlaqədar AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev açıqlama verib.

O bildirib ki, AFFA olaraq danışılmış oyunlarla bağlı məsələləri daim diqqətdə saxlayırlar: 

“Sözügedən məsələ ilə bağlı hər hansısa bir məlumat AFFA-ya daxil olduğu təqdirdə, dərhal müəyyən olunmuş addımlar atılır, aidiyyəti üzrə müəyyən qurumlara məlumat ötürülür və araşdırma aparılır. Sözügedən oyunla bağlı da onu qeyd edə bilərəm ki, bu matçın ictimaiyyətdə söz-söhbət yaratdığını nəzərə alaraq bizim tərəfimizdən də məsələ nəzarətə götürülüb. Tərəfimizdən UEFA-ya məlumat verilib. Ola bilsin, onların tərəfindən bu oyunla bağlı hər hansısa bir əlavə məlumat AFFA-ya verilsin. Həmçinin öncədən qeyd etdiyim kimi müəyyən addımlar artıq atılıb”. 

S.Hacıyev qeyd edib ki, həmin oyunla bağlı AFFA tərəfindən güc strukturlarına da müraciət edilib:

“Əlbəttə ki, məsələ araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər”.

Əlavə edək ki, bir neçə gün əvvəl mediada “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyevin saxlanılması ilə bağlı məlumat yayılıb. Onun mənimsəmədə ittiham edildiyi iddia olunub.

Top
0.075267791748047