“Böyüklərimizə bu günləri görmək nəsib olmadı”.
Bunu Kriminal.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Məxmər Quliyeva deyib.
O bildirib ki, həyatının ən gözəl gününü yaşayır:
“O ağrılı-acılı günləri xatırlamaq istəmirəm. Hər dəfə yadıma düşəndə saatlarla ağlayıram. Çətinliklə çıxdıq Füzulidən, bir neçə dəfə qarşımızı kəsdilər. Ermənilər bizim gəncliyimizi, ömrümüzün böyük bir hissəsini məhv etdilər. Valideynlərimiz, ağsaqqal-ağbirçəklərimiz vəfat etdilər, bu günləri görmədilər. Mən də bir oğlumu itirdim, çox istəyərdim ki, o da bu günləri görsün.
İndi nəvələrimlə, nəticəm də var artıq, onlarla birlikdə doğma şəhərimizə qayıdırıq. Bizim gəncliyimiz, ömrümüzün ən nəşəli günləri orada keçib.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 39 ailə (150 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Füzuli şəhərində 744 ailənin, yəni 2 839 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova