kriminal.az
Əməkdar artistlər xanəndənin toya idman geyimində gəlməsindən danışdılar - FOTO

Tanınmış xanəndə Pərviz Qasımovun toya idman geyimində gəlməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb

İzləyicilərin əksəriyyəti onu qınayıb.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Əməkdar artist Sevinc Sarıyeva bildirib ki, tanınmışlar tamaşaçı qarşısına səhnə və toya uyğun geyimlərdə çıxmalıdırlar.

“Xanəndənin toya idman geyimində gəlməsi, əlbəttə ki, düzgün hərəkət deyil. Pərvizdən nə əcəb? O, yaxşı oxuyan, muğam ifaçısıdır. Axı belə səhvə yol verməzdi. Bu foto montaj deyil ki?! İnanmıram o toya belə geyinsin. Səhnənin səhnə geyimi var. Müğənni tamaşaçıdan fərqlənməlidir, amma idman geyimi ilə yox. İmic başqa şeydir, soyunub meydana girmək başqa şey. Bizim milli mentalitetimiz var. Hər halda bunlara riayət etməliyik. Axı Avropa ölkəsi deyilik. Estrada oxuyanların da, muğam oxuyanların da özlərinə uyğun geyimləri var. Heç kimi qınamıram. Pərviz belə düşüncəsiz iş görməzdi. Görünür Pərviz idmandan gələndə yolüstü toya gedib”, - deyə xanəndə bildirib.

Əməkdar artist Nuriyyə Hüseynova isə mövzuya belə münasibət bildirib:

“İndi desəm ki, aprelin 29-da yaradıcılıq gecəm var, gəlin, onu işıqlandırın, nə gələcəklər, nə də çəkəcəklər. Gecədə ölkənin milli-mənəvi dəyərlərini qoruyub saxlayan, ictimai, mədəni, siyasi aləmdə xidməti olan insanlar olacaqlar. O ki, qaldı bu mövzuya... İnsan bəlkə bağından, iş yerindən çatdıra bilməyib, yolüstü keçib bir ağız oxuyub çıxıb gedib. Bilmirik axı o hansı səbəbdən bu vəziyyətdə oxumağa gedib. Təbii ki, səhnənin səhnə geyimi var. Dəniz kənarında, çimərlikdə insanlara konsert verəndə belə geyinmək normaldır. Qapalı restoranlarda, toyda tamam başqa geyim olmalıdır. Hər yerin, hər səhnənin, hər ortamın geyimi ayrıdır. Bunu da normal, ağlı-huşu başında olanlar bilir. Pərviz ağıllı, mədəni, elit bir oğlandır. Mən düşünmürəm ki, o bunu qəsdən edib. Mövzunu səhifələrdə şişirtmək, müzakirəyə çevirmək lazım deyil. Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir? Yaxud kiminsə qarderobu, kiminsə həyatındakı şəxsdir? Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa, hamısını reklamla qaldırıb elə bir vəziyyətə gətirib çıxarıblar ki, sanki bu ölkənin, bu vətənin, bu torpağın üz qabığı bunlardır”.

Top
0.064555883407593