kriminal.az
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min manat aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, Telli Adiyeva oğlu Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olaraq onun tanışı, DSMF-nin əməkdaşı Fərhad Əhmədova yalan vəd verərək ona qarşı dələduzluq edib. Onlar beynəlxalq bazarlarda qızıl alış-verişi və qazanc əldə etmək vədi ilə Fərhad Əhmədovdan 161 649 manat alaraq ələ keçiriblər.

Bundan başqa, T.Adiyeva oğlu vasitəsilə tanıdığı E.Tağıyevə 12 min, T.Ağakişiyevə 6 min, T.Süleymanova 8 min, İ.Əlixanova 7 min, S.Qədirova 52 min, A.İbrahimovaya 7 min, G.Rəhimovaya 6 280, S. Zeynalzadəyə 8 500, A. Əliyevaya 10 870 manat məbləğində zərər vurmaqla dələduzluq edib.

Onlar özlərini bəzi şəxslərə şirkət əməkdaşı kimi təqdim edib, beynəlxalq birjalarda neft-qaz, qiymətli metal alış-verişi ilə məşğul olduqlarını deyərək inam qazanıblar, bəzi hallarda onlara müəyyən məbləğlərdə “gəlir” ödəyərək şirnikləndiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda T.Adiyevaya 7 il həbs cəzası təyin edilib. T.Adiyevanın oğlu Kəmaləddin barəsindəki iş isə ayrıca icraata verilib.

Top
0.078526020050049