“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda yeni reallıqlar yaradıb. Ötən müddət ərzində cərəyan edən proseslər isə regionun sabit inkişafının bu reallıqlardan kənarda mümkün olmadığını sübut edib. Ermənistan hakimiyyəti Qazaxın 4 kəndi məsələsində olduğu kimi, daimi sülhün olması üçün də özündə güc tapıb, real addımlar atmalıdır”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi nə qədər tez imzalanarsa, bu, Ermənistan üçün də o qədər tez əlverişli iqtisadi imkanlar yaradacaq:
“Prezident İlham Əliyev də aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında bu məqamlara toxunub. Dövlət başçısının bəyan etdiyi kimi, hazırda tərəflər sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır. Halbuki tərəflər işğal zamanı buna heç vaxt yaxın olmayıb. Həmin vaxt hətta “Madrid prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlət başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur”.
V.İskəndərov xatırladıb ki, Prezident indi sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışın olduğunu vurğulayıb:
“İlham Əliyev dedi ki, indi sadəcə, təfərrüatı işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır. Hesab edirəm ki, Prezidentin fikirləri Cənubi Qafqaza, nəhayət ki, daimi dinclik və sülh gələcəyinə ümidləri artırıb. Buna baxmayaraq, Ermənistan hakimiyyəti real və ağıllı addımlar atmaq üçün özündə güc tapmalıdır. Dövlət başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığa gəlmək variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. Hətta sazişin layihəsi hazır ola bilər".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev bütün detalları ilə sülh prosesinin gedişatını bəyan edib:
“Bütün bunlar Ermənistan üçün bir şansdır. Əgər onlar bu dəfə də yersiz xülyalardan əl çəkməsələr, daha ağır durumla üz-üzə qalacaqlar”.