“Füzulidən çıxanda 20 yaşım var idi. Yalnız əynimizdəki bir dəst paltarla yurdumuzdan didərgin düşmüşdük, heç nəyimiz yox idi”.
Bunu Kriminal.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Rəna Nəsirova deyib.
O bildirib ki, Sumqayıt şəhərində yerləşən yataqxanada doğmaları ilə 30 illik məcburi köçkün həyatı yaşayıblar:
“Yataqxanada çox çətin günlərimiz olub. Demək olar ki, bu 30 il ərzində hər gün öz doğma yurdumuzu arzulamışıq, elimizə-obamıza gedəcəyimiz günü arzulamışıq. Şükür bu günə ki, arzularımıza qovuşuruq. Artıq yataqxanada yox, öz evimizdə yaşayacağıq bundan sonra, məcburi köçkün həyatı bitdi, müstəqil, suveren ölkəmizdə, əmin-amanlıq içində yaşayacağıq.
Bu gün bizim “məhkumluq” həyatımızın sona çatdığı, azadlığımıza qovuşduğumuz gündür.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 39 ailə (153 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Füzuli şəhərində 822 ailənin, yəni 3 132 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova