ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi Bakı-Vaşinqton əlaqələri baxımından bir neçə vacib məqamı vurğulayır.
Birincisi, ABŞ Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasında tərəflər arasında əldə edilmiş razılıqların perspektivində öz mövqelərini yerbəyer etmək istəyir.
Blinkenin Qazaxın 7 kəndindən dördünün Azərbaycana qaytarılması münasibətilə İlham Əliyevi təbrik etməsi Vaşinqtonun delimitasiya üzərindən Bakı-İrəvan sülh proqramında vasitəçiliyi ələ keçirmək niyyətlərinə işarə edir.
Böyük ehtimal ki, ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşünə pərdəarxasından yön verməyi cari hədəf kimi qarşıya qoyur.
İkincisi, Əliyev telefon danışığında qeyd etdi: “Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir”. ABŞ güman ki, öz yanaşmalarını Əliyevin bu mövqeyinə uyğunlaşdırmağı məqbul saya bilər.
Bunun özü də regionda Zəngəzur dəhlizi layihəsinə əhəmiyyətli qiymətləndirmələri göstərir. Yəni Vaşinqton Azərbaycana qarşı ayırıcı xətlər yaratmağa cəhd etməsə, onun mövqeyi Bakının strateji yanaşmasının genişlənməsinə töhfə verəcək.
Üçüncüsü, ABŞ Azərbaycanda noyabrda keçiriləcək COP29 mötəbər tədbirinə xüsusi diqqət ayırır, çünki bu:
- Vaşinqtonun Cənubi Qafqaz arenasında yaşıl enerji üzərindən siyasətinə tezislər verəcək,
- Ağ Evin Azərbaycanla energetika sahəsindəki əməkdaşlıq ruhuna yeni nəfəs gətirəcək,
- İki dövlət arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığın daha təkmil forması üzərində formullar hazırlanmasına yardımçı olacaq.
Deməli, Vaşinqton Azərbaycanla mövqelərini mübahisəsiz şəkildə tutuşdurmaq istəyirsə, o, regional kampaniyasını Bakı ilə əlaqəli şəkildə qurmalıdır.
Şərtdir ki, ABŞ Konqresində gündəmə gəlməsi gözlənilən Azərbaycana qarşı sanksiyalar mövzusu aradan qalxmalıdır. Hərçənd ki, ABŞ-nin Azərbaycana qarşı sanksiya tətbiq etməsi real görünmür.
NƏTİCƏ:
Blinkenin Əliyevlə danışıqları Vaşinqtonun Cənubi Qafqazdakı Azərbaycan-Ermənistan proqramının perspektivə təpkisini ölçür.
Bu, ABŞ-nin Azərbaycanın xeyrinə daha çox strateji yanaşma göstərməsini şərtləndirən xüsusiyyətlər qazana bilər.
Bu mənada Bakı ilə Vaşinqtonun ortaq baxışlar üzrə danışıqlarında yeni canlanmanın müşahidə olunacağı istisna deyil.
Aqşin Kərimov