“Bu gün şuşalıların xoşbəxt günüdür, sevincli günüdür”.
Bunu Kriminal.Az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva deyib.
O qeyd edib ki, bu artıq ikinci yolasalma mərasimidir:
“May ayının sonu, iyun ayının əvvəllərinə qədər Şuşaya 370 ailənin, 1 450 nəfərin köçürülməsi planlaşdırılır. Bundan sonra da mərhələli şəkildə köç davam edəcək və bundan sonra hər bir şuşalı öz doğma torpağında şad-xürrəm yaşayacaq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınıb. Bu mərhələdə daha 38 ailə (136 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova