kriminal.az
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”

Avstraliya və Fici arasında yerləşən Yeni Kaledoniyada mayın 13-dən başlayan iğtişaşlar davam edir. Belə ki, Fransa parlamentində 10 ildən artıqdır adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində daha çox səsvermə hüququ verilməsini təklif edən qanun layihəsi etirazlara səbəb olub. Yeni Kaledoniyadakı iğtişaşlara cavab olaraq, Fransa hökuməti ordunu adaya yeridib. Bunun nəticəsində artıq 10-a yaxın qurban və 200-ə yaxın yaralı var.

Bununla bağlı Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov Kriminal.Az-a açıqlamasında bildirib ki, Fransanın ikiüzlü siyasəti artıq dünya üçün tam şəkildə açılmağa başlayıb. O əlavə edib ki, maskalar artıq yırtılıb:

“Fransa demokratik dəyərlər adı altında öz cinayətlərini gizlədə bilməyəcək. Ona görə ki, dünyada yeganə ölkələrdəndir ki, kolonial siyasəti ifrat formada davam etdirir. İnsanların müqəddəratını, azadlığını silahla, cinayətlərlə məhv edən ölkə demokratik dəyərlər haqqında danışarkən ən azı ikiüzlülük edir.

Bunu uzun müddət gizlətməyə cəhd göstərən Fransa dünyada sanki demokratiya carçısına çevrilmişdi. Hətta bizim regiona müdaxilə edib, Ermənistana dəstək verərək orada guya demokratik prosesləri dəstəkləmək fikrinə düşmüşdü. Artıq Ermənistan da başa düşməlidir ki, onu Fransanın müstəmləkə siyasətindən xilas edə biləcək qüvvə faktiki olaraq Azərbaycandır. Ona görə ki, Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir. Bu heç kim üçün artıq sirr deyil”.

S.Seyidov Qərbin bu məsələdə sakit qalmağını pisləyib:

“Çox təəssüf ki, bu məsələ Avropada qınaq obyektinə çevrilmir. Ümumiyyətlə, Qərbdə insan haqlarından danışanlar, müstəqillik tələb edənlər, xalqların müqəddəratı haqqında car çəkənlər bu dəfə yaman susublar. Heç bu haqda danışmaq istəmirlər. Hətta Fransanın bəzi şəxsləri Kaledoniyada baş vermiş hadisələrin Azərbaycandan idarə olunduğunu iddia edirlər. Görün ikiüzlülük hansı həddədir ki, 21-ci əsrdə kolonial siyasətdən yapışıb ondan əl çəkə bilməyənlər öz iflasa uğramış siyasətlərində Azərbaycanı günahkar sayırlar.

Fransa bilməlidir ki, bunun axırı yoxdur. Nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır. Bizim Fransa ilə heç bir işimiz yoxdur, regionumuza və bizim işlərimizə müdaxilə etməsin, Azərbaycan Prezidenti demişkən, öz işləri ilə məşğul olsunlar”.

Almaz Qasımova

Top
0.076329946517944