kriminal.az
Şəkidə təhlükəli vəziyyət: Evlərin divarlarında çatlar yarandı

Şəkidə torpaq qatında sürüşmə müşahidə edilib. Bu səbəbdən ətrafdakı yaşayış evləri üçün təhlükə yaranıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Şəki şəhərinin "18-ci rayon" deyilən Tolstoy küçəsində qeydə alınıb.

İlkin hesablamalara görə, sürüşmə ərazisinin uzunluğu 36 m, hündürlüyü 5 metrdir və həmin sahə çöküb. Sürüşmədən sonra ərazidəki evlər üçün də təhlükəli vəziyyət yaranıb.

Evlərin divarlarında iri çatlar əmələ gəlib, dəmir dirəklər havada qalıb. Evlərin uçmasından ehtiyat edən sakinlər deyirlər ki, ərazidə aktiv sürüşmə 2015-ci ildəki zəlzələdən sonra başlayıb. Son günlər aramsız yağan yağışlar sürüşməni daha da intensivləşdirib.

Sakinlərin sözlərinə görə, 2022-ci ildə aidiyyəti orqanların nümayəndələri yaranmış vəziyyətlə bağlı sözügedən əraziyə baxış keçiriblər. Sürüşən torpaq qatının qarşısını almaq üçün qoruyucu divar çəkiləcəyi vəd olunub. Amma bu istiqamətdə heç bir iş görülməyib.

Havaların qeyri-sabit, daha çox yağıntılı keçməsi ərazidə növbəti torpaq sürüşməsi ehtimalını daha da artırır. Tədbirlər görülməyəcəyi təqdirdə sürüşmə zonası genişlənə və evlərin uçma təhlükəsi hər an arta bilər.

Top
0.042052984237671