kriminal.az
Türkdilli dövlətlərin kibertəhlükəsizlik qurumlarının rəhbər vəzifəli şəxsləri #cyberforum2024 -də bir araya gəldi - FOTO

  • Xəbər verdiyimiz kimi, Bakıda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir.

Kriminal.az xəbər verir ki, forumda “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair Türk dövlətləri Təşkilatlarına üzv dövlətlərin təcrübəsi” panelində beş türk ölkəsinin nümayəndəsi bu sahədəki təcrübələrini bölüşüblər.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov çıxışında Azərbaycanda olduğu kimi türk dövlətlərində də İT sahəsində qadınların rolunun artırılmasını təklif edib:

“”Digital Umbrella ” şirkətinin təsisçisi və direktoru Ulduzə Xəlilova qadınların İT-də rolunun Azərbaycanda gender bərabərliyində çox böyük uğur əldə etdiyini söylədi. Bunu fəaliyyətimizdə də müşahidə edirik. Bu hərəkat digər dövlətlərdə də qlobal olaraq mövcuddur və inkişaf edir. Ona görə də Ulduzə xanımin qeyd etdiyi rəqəmlərdən yola çıxaraq fürsətdən istifadə edib türk dövlətlərində də qadınların bu sahədə təşkilatlanmasını zəruri hesab edirəm “.

Paneldə çıxış edən Türkiyə Respublikası Milli Kiber İnsidentlərlə Mübarizə Mərkəzinin (USOM) rəhbəri Mahmut Esat Yıldırım türk dövlətləri arasında kibertəhlükəsizliyi standartlarının müəyyən olunmasını təklif edib.

Daha sonra Qazaxıstan Respublikası Dövlət Texniki Xidmətinin İdarə Heyətinin sədr müavini Ulukbəy Şambulov bu sahədən danışarkən kritik infrastruktur sahəsində əməkdaşlıq edilməsinin vacibliyini vurğulayıb.

Özbəkistan Respublikası Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Azam Qafurov bildirib ki, kiber problemlər bir ölkənin problemi deyil:

“Kiber təhdidlər qlobal ictimaiyyətin problemidir. Bu problemin həlli üçün qonşu ölkələr bir-birinə kömək etməlidir”.

Paneldə çıxış edən Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin üzvü, “CERT” Strateji İnkişaf qrupunun rəhbəri Kubanychbek Dzhumaev bildirib ki, kiber cinayətlər heç bir məhdudiyyət tanımır:

“Qırğızıstanda kibertəhlükəsizliyi haqqında qanun layihəsi parlamentdə oxunuş mərhələsindədir”.
Panel maraqli müzakirələrlə davam edib.

Qeyd edək ki, Bakıda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir. Tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və “Azerconnect Group”un əsas tərəfdaşlığı ilə baş tutub.





Top
0.042760133743286