kriminal.az
Fransanın ümidi 28 yaşlı tiktokerə qalıb: Bardella liderliyə ən şanslı namizəddir

Avropa Parlamentinə seçkilərin nəticələri təşkilata daxil olan ölkələrdən ən çox Fransada təlatüm və ciddi sarsıntılara səbəb olub. Sağlar və radikal qüvvələr bayram əhvali-ruhiyyəsində olsalar da, hakim komanda gərginlik içindədir. Artıq prezident Emmanuel Makron partiyasının Avropa Parlamentinə seçkilərdə ifrat sağçı namizədlərə sarsıdıcı məğlubiyyətindən sonra parlamenti buraxıb. Hətta yayılan xəbərlərə görə, parlament seçkilərində sağçılar qalib gələcəyi təqdirdə Makron dövlət başçısı vəzifəsindən istefa verə bilər.

Bu seçkilərdə sağları təmsil edən Marin Le Penin "Milli Birlik" Partiyasının yeni sədri Jordan Bardellanın adı xüsusi qabardılır. 28 yaşlı bu siyasətçi fransız sağlarının lideri olmağa iddialıdır. Bu siyasətçi ona meydan oxuyan yeni tandem kimi qəbul edilir.

Bəs Bardella Fransa kimi bir ölkədə bu yaşda sağların lideri olmağa necə müvəffəq olub? O, Parisdən şimalda italyan fəhlə miqrantların ailəsində böyüyüb. Sen-Sen-Deni adlanan həmin bölgəni rifah halının yüksək olduğu yer adlandırmaq olmaz. Bu şəhər kriminal həyatla - narkotik alqı-satqısı və zorakılıq zəminində törədilən cinayətlərlə məşhurlaşıb. Görünür, bütün bunlar da Jordanın gələcəkdə sağçı baxışlarının formalaşmasında mühüm rol oynayıb. Məktəbi bitirdikdən sonra Sorbonna Universitetinə daxil olan gənc burada coğrafiyanı öyrənib. Lakin sonradan siyasətlə məşğul olmağa başlayıb. Siyasi karyerasına çox gənc yaşlarında - 16 yaşında başlayıb.

2011-ci ildə "Milli Cəbhə"yə (Milli Birliyin keçmiş adı) qoşulub, cəmi iki il sonra isə onun Sen-Sen-Deni şəhərindəki özəyinə rəhbərlik edib. Bununla da partiyanın ən gənc regional liderinə çevrilib. Sonrakı illərdə Marin Le Penlə daha da yaxınlaşaraq 2017-ci ildə onun seçki qərargahına daxil olub. Sonradan mediada yer alan xəbərlərə görə, Jordan Le Penin qardaşı qızı ilə eşq yaşayıb. Cütlüyün yolları Avropa seçkilərinə cəmi bir neçə gün qalmış ayrılıb.

Fransanın məşhur sarışın xanımı - Le Pen seçkilərdə Emmanuel Makrona məğlub olsa da, Bardella "Milli Cəbhə"də mövqelərini möhkəmləndirməyə, partiyanın rəsmi nümayəndəsinə çevrilməyə müvəffəq olub. Bütün Fransada tanınan gənc siyasətçi televiziyada tez-tez görünməyə başladı. Üstündən iki il sonra isə Avropa Parlamentinə üzv seçilməklə təşkilatın tarixində ikinci ən gənc deputat oldu. O, avrodeputat kimi aktiv olmasa da, karyerasında yüksəlişə nail olmağı bacarıb. 2021-ci ildə Marin Le Penin prezident seçkiləri kampaniyasında müavini olub, 2022-ci ildə isə onu "Milli Birliy"in sədri təyin ediblər. Beləliklə də, həmin ildən fransız sağların yeni simasına çevrilən Bardellanın nüfuzu artmağa başlayıb.

Jordan Bardella hazırda Fransada, xüsusən də "Z" nəsli arasında ən populyar siyasətçilərdən biridir. "Politico"nun yazdığı kimi, üç ildən az müddətdə onun "TikTok"da abunəçilərinin sayı bir milyonu ötüb. 2023-cü ildə JDD jurnalına salınan 50 ən populyar siyasətçi arasında tək fransız olub. Nəşr qeyd edir ki, "İfrat sağçı lider siyasətdən qaçaraq sosial media ulduzuna çevrilib". Çoxsaylı videolarda Bardella barlarda içki içir, viral musiqi tendensiyalarından istifadə edir, Fransa qəzetləri "Superulduz Bardella", "Sağların rebrendinqi" və ya "parlaq populizm" kimi başlıqlarla məqalələr dərc edirlər. Bütün bunlar kifayət qədər gənc siyasətçini "zumerlərin sevimlisi"nə çevirdi.

"Ipsos" araşdırma mərkəzinin mart ayında dərc etdiyi hesabatında 18-24 yaşlı Fransa sakinləri arasında onun populyarlığı 31% təşkil edib. Müqayisə üçün qeyd edək ki, prezident Emmanuel Makronun "İntibah" Partiyası bu yaş kateqoriyasında cəmi 4%-ə malikdir. Amma Bardella yaşlı nəsil arasında da məşhurdur: onu 50-59 yaşlı fransızların 40%-i və 60-69 yaşlıların 31%-i dəstəkləyir. Televiziya debatları zamanı Bardella Aİ-ni bitirmək istəməkdə günahlandırılıb. Lakin o, "mən Avropanın əleyhinə deyiləm, Avropanın işinin əleyhinəyəm" deyib.

Siyasətçi Rusiya-Ukrayna müharibəsi ilə bağlı qərəzli fikirləri ilə də tanınır. Bardella Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyən, həmçinin Fransanın nüvə arsenalının Avropa İttifaqının ümumi təhlükəsizlik arxitekturasına daxil edilməsinə icazə verən prezident Makronun mövqeyini tənqid edib. Hətta bir dəfə Rusiya müxalifətinin lideri Aleksey Navalnının xanımı Yuliyanın Avropa Parlamentində çıxışını alqışlamaqdan imtina edib.

Beləliklə, sağa yönələn Fransada millətçi, ifrat sağçı siyasətçi hakimiyyətə gələ bilər. Bu isə miqrantların çoxluq təşkil etdiyi Fransa üçün ağır fəsadlara gətirib çıxara bilər. Sözsüz ki, bu "uğurda" Makronun yarıtmaz siyasətinin xüsusi payı var.

"Report" İnformasiya Agentliyi

Top
0.048655986785889