Çinin Nankin Tibb Universitetinin alimləri əvvəllər elmə məlum olmayan göbələk infeksiyası aşkar ediblər.
Kriminal.Az "Nature Microbiology" (NatMicrobiol) elmi jurnalına istinadən xəbər verir ki, infeksiyaya yoluxan iki nəfər dünyasını dəyişib.
Tədqiqatlar onun çox yoluxucu və insanlar üçün təhlükəli olduğunu göstərib. Patogen bədənin hərarəti yüksəldikdə aktiv şəkildə inkişaf edir və buna "Rhodosporidiobolus fluvialis" (R. fluvialis) adlı göbələk səbəb olur.
Tədqiqatçılar Çində 27 mindən çox göbələk ştammını tədqiq ediblər. "R. Fluvialis" əvvəllər insanlarda rast gəlinməmişdir. Bu göbələk Çində iki nəfərdə aşkar edilib. Onların bir-biri ilə heç bir əlaqəsi olmayıb. Hər ikisi yaşlı olub və dünyasını dəyişiblər. Hesabatda göbələyin buna təsir edib-etmədiyi göstərilməyib.
Təcrübələr göstərib ki, yüksək temperatura məruz qaldıqda infeksiya daha çox yoluxucu olur. +37 dərəcədə patogen otaq temperaturundan 21 dəfə tez mutasiyaya uğrayıb. Alimlər göbələk mutasiyasının ilkin olaraq qlobal iqlim dəyişikliyi ilə bağlı ola biləcəyini istisna etməyiblər.