kriminal.az
Ayətullah Xamenei Məsud Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi

İranın ali lideri Ayətullah Əli Xamenei Məsud Pezeşkianı yeni prezident kimi rəsmən təsdiqləyib.

Kriminal.Az "Mehr"ə istinadən xəbər verir ki, mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkisinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib. O, İran xalqı və dövlət rəsmilərinə seçkini uğurlu keçirdikləri üçün təşəkkür edib.

Daha sonra Ayətullah Əli Xamenei öz fərmanı ilə Məsud Pezeşkianı rəsmi olaraq İran İslam Respublikasının doqquzuncu prezidenti elan edib.

Bildirilir ki, Məsud Pezeşkian iyulun 30-da Məclisdə (İran parlamenti) də and içəcək.

Xatırladaq ki, iyulun 5-də İranda dövlət başçısı İbrahim Rəisinin ölümündən sonra təyin edilmiş növbədənkənar prezident seçkisinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkian 53,6% səslə qalib gəlib.

Top
0.038871049880981