kriminal.az
Haniyənin oğlu:

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra ailə üzvləri danışıblar.

Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə onlar sosial şəbəkə hesablarında paylaşım ediblər.

Həmas liderinin oğlu Abdel Salam Haniyə atası ilə qürur duyduğunu bildirib.

"Atamın qanı ən balaca fələstinli uşağın qanından daha dəyərli deyil. Onunla qürur duyuruq və başımız dikdir", - deyə o, özünün "X" hesabında yazıb.

Abdel Salam Haniyə atasına dəfələrlə sui-qəsd cəhdi oluğunu vurğulayıb.

"Atam milli mübarizəsi boyunca dörd sui-qəsd cəhdinə məruz qaldı, lakin hamısından sağ çıxdı. Allah onu bu gün həmişə arzuladığı şəhadətə çatdırdı", - deyə o qeyd edib.

Haniyənin gəlini də başsağlığı verib.

"İlahi qədərə razı olan qəlblərimizlə təriflənməyə ehtiyacı olmayan bir adamın şəhadətinə başsağlığı diləyirik. Bir ata kimi idi, gözümüzün nuru idi. Haniyə saf qanlara qatıldı. O böyük bir komandan və qəhrəman idi. Allahın rizası xaricində heç bir şeyi ifadə etmirik. Allah bu müsibətdə səbir göstərməyimizi nəsib etsin. Bu dünya fanidir və Allahın izni ilə görüşməmiz cənnətdə olacaqdır. Əlvida millətin lideri!"

Qeyd edək ki, İ.Haniyənin özü də bir neçə ay əvvəl Qətərin paytaxtı Dohada olduğu zaman ailə üzvlərinin (3 oğlu 3 nəvəsi) İsrail hücumunda öldüyü xəbərini alanda eyni münasibəti göstərib:

"Ailəmizdən 60-a yaxın şəhidimizi bu mübarək mübarizəyə qurban verdik. Ailəmin 60-a yaxın fərdi şəhid oldu. Fələstin xalqının bütün şəhidləri ilə onlar arasında heç bir fərq yoxdur", - deyə o bildirmişdi.

Xatırladaq ki, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehranda iqamətgahına raket hücumu nəticəsində öldürülüb.

Top
0.038331985473633