kriminal.az
Olimpiadada qızıl medal qazanmış cüdoçular Vətənə qayıdıblar

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan azərbaycanlı cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Vətənə dönüblər.

Kriminal.Az xəbər verir ki, Olimpiya çempionlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan H.Heydərov birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.

Yarışa səkkizdəbir final mərhələsindən start verən Zelim Kotsoyev isə birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Avropa və dünya çempionumuz adını dörddəbir finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki vaza-ari xalı ilə məğlub edən idmançımız yarımfinala vəsiqə qazanıb. O, burada özbəkistanlı Muzaffarbek Turoboyevə də vaza-ari ilə qalib gələrək finala yüksəlib. Həlledici raundda gürcüstanlı İlya Sulamanidzeyi ipponla məyus yola salan təmsilçimiz Olimpiya çempionu olub.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi sonuncu dəfə 2008-ci ildə Elnur Məmmədlinin ( 73 kiloqram) iştirakı ilə Pekin Olimpiadasında qızıl medal əldə edib.

Anar Həsənov

Top
5.8800930976868