kriminal.az
İşğal altında olmuş ərazilərdə törədilən cinayətlərin Ermənistan hərbi prokurorluğu tərəfindən araşdırıldığı açıqlanıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 30-da davam etdirilib.

Kriminal.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında əvvəlcə təqsirləndirilən şəxs Arayik Arutyunyana öz müdafiəçisi tərəfindən suallar ünvanlanıb. A.Arutyunyan suallara cavabında Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun "müdafiə naziri"nə 2020-ci ildə general-leytenant rütbəsinin Ermənistan prezidenti tərəfindən verildiyini deyib.

O, qondarma rejimin "ordusu"nda (Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsi nəzərdə tutulur - red.) belə bir qərar vermək səlahiyyətinin olmadığını deyib və əlavə edib: "Cəlal Arutyunyana general-leytenant rütbəsi Ermənistan Respublikasının prezidenti Armen Sarkisyan tərəfindən verilib. Baş nazirin təqdimatı ilə prezident bu əmri imzalayıb".

Təqsirləndirilən şəxs hərbi cinayətlərə baxılması üçün qondarma qurumun "hərbi polisi"nin, "hərbi prokurorluğu"nun və "hərbi məhkəməsi"nin olmadığını da söyləyib: "Hərbi polis Ermənistan silahlı qüvvələrinin qurumudur. Hərbi prokurorluq da Ermənistan Prokurorluğunun tərkibində fəaliyyət göstərib. Ümumi məhkəmə proseslərinin Sünik məhkəməsində aparıldığını düşünürəm. Yəni, Qarabağda belə bir məhkəmə prosesləri aparılmırdı".

O, vəkilinin Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan erməniəsilli şəxslərin 44 günlük müharibədən sonra Azərbaycan Respublikasına inteqrasiyası ilə bağlı sualını cavablandıran zaman orada bəzi qrupların qisasa meyilli olduğunu deyib: "Elə qruplar var idi ki, onlar çox ekstremist idilər. Onlar haqq-hesab çəkməyə (qisas almağa - red.) hazır idilər və belə hadisələr də baş verib. Elə adamlarımız olub ki, onlar çox konstruktiv idilər. Elə adamlar var idi ki, məni xəyanətdə, əməkdaşlıq etməkdə ittiham edirdilər. Amma elə bir əhali təbəqəsi də var idi ki, onlar başa düşürdülər ki, başqa alternativ yoxdur. Mənə etimad səviyyəsinin azalması nəticə etibarilə o həddə çatdı ki, mən "istefa" verdim".

A.Arutyunyan vəkilin "İstefa"dan əvvəl sui-qəsd olubmu?" sualına belə cavab verib: "Sui-qəsd olmayıb, amma elə şeylər olub ki... Çəkilişə də düşüb, bu barədə demək istəmirəm, susmağa üstünlük verirəm".

Müdafiə tərəfinin digər vəkili A.Arutyunyandan qondarma rejimin "rəhbəri" kimi onun tabeliyində hərbi bölmə, manqa və s. olub-olmadığını soruşub. Təqsirləndirilən şəxs isə onun tabeliyində yalnız "polis" və "milli təhlükəsizlik xidməti"nin olduğunu söyləyib.

Vəkilin "İstənilən hərbi birləşmə Ermənistan ordusunun tərkib hissəsi idi?" sualına isə "Bəli" cavabını verib.

Daha sonra təqsirləndirilən şəxs Arkadi Qukasyan tribunaya dəvət edilib. Ona Baş Prokurorluğun dövlət ittihamçısı Fuad Musayev suallar ünvanlayıb. A.Qukasyan suallara cavabında qondarma rejimin "rəhbəri" olduğu dövrlərdə orada kənd təsərrüfatı və sənaye sahəsində xırda şirkətlərin mövcud olduğunu bildirib, həmçinin nəhəng "Base Metals" şirkətinin fəaliyyəti barədə danışıb. O deyib: "Orada həmin kəşfiyyat işlərini aparan şirkət prioritet hüquq qazanırdı ki, həmin yataqları işləsin. Məsələ onda idi ki, geoloji kəşfiyyat işlərini yalnız "Base Metals" şirkəti aparırdı və bu səbəbdən o, həmin sahələri işlətmək üçün prioritet hüquq əldə etmişdi. O dövrdə həmin istiqamətdə işləmək istəyən başqa bir şirkət yox idi. Bu, yeganə şirkət idi".

A.Qukasyan "Base Metals" şirkətinin həmin vaxt Ermənistanın işğalı altında olan Azərbaycanın suveren ərazilərində 2001-ci, yaxud 2002-ci ildən fəaliyyətə başladığını, 2012-ci ilədək Heyvalı yatağından mis çıxardığını söyləyib.

Şirkətin yatağa qoyduğu sərmayələrin məbləği ilə bağlı isə bunları deyib: "Dəqiq deyə bilmərəm, amma burada onmilyonlarla sərmayə yatırılırdı. Səhv etmirəmsə, orada 2 minə yaxın işçi çalışırdı. "Büdcə daxilolmaları" da kifayət qədər böyük bir rəqəmi əhatə edirdi. Şirkətin direktoru Mkrtumyan (Artur Mkrtumyan nəzərdə tutulur - red.), sahibi isə Valeri Mejlumyan idi".

A.Qukasyan əldə olunan misin Ermənistana aparıldığını da qeyd edib.

Təqsirləndirilən şəxs 2012-ci ildə Heyvalı yatağında misin bitdiyini, lakin şirkətin bu və digər istiqamətlərdə fəaliyyətini davam etdirdiyini deyib.

A.Qukasyan isveçrəəsilli erməni iş adamı Vartan Srmakeşin qondarma rejimin ərazisindəki fəaliyyəti barədə də danışıb. Deyib ki, o, "Artsaxbank"ın və Ermənistandakı "Armswissbank"ın sahiblərindən idi. Xankəndidə təxminən 20-25 nəfərin çalışdığı müəssisənin rəhbəri olub. İş adamı Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində balıq təsərrüfatı da yaradıb.

Təqsirləndirilən şəxs qondarma rejimin mobil operatoru - "Karabax Telekom"un fəaliyyətindən bəhs edərkən deyib ki, onun sahibi Livan ermənisi idi: "Onlar həmin vaxt Ermənistanda işləyirdilər, bizə də sərmayə yatırdılar".

O, 2020-ci ildə Bako Saakyanla birlikdə Arayik Arutyunyanla bunkerdə görüşdüyünü də söyləyib: "Arayik Arutyunyan dedi Ermənistanın rəhbərliyinə çatdırmalısınız və xahiş etməlisiniz ki, əlindən gələn hər şeyi etsin ki, bu müharibəni dayandırsın. Bu, təkcə Arayik Arutyunyanın xahişi deyildi, bir çox adamlar yaxınlaşıb bizdən xahiş edirdi".

Təqsirləndirilən şəxs oktyabrın 18-20-də B.Saakyanla birlikdə İrəvana gedərək baş nazir Nikol Paşinyanla görüşdüyünü, ona xahişi çatdırdıqlarını deyib: "Ondan xahiş etdik ki, əlindən gələni etsin ki, bu müharibəni dayandırsın".

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran A.Qukasyan qondarma rejimin "rəhbəri" qismində "Hayastan" ümumerməni fondunun (həmin fond 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb - red.) Himayəçilər Şurasının üzvü olduğunu bildirib.

Əlavə edib ki, fondun Himayəçilər Şurası arasında Ermənistan prezidenti, baş naziri, parlament sədri, maliyyə naziri, iki katolikos, tanınmış erməni diaspor təşkilatlarının rəhbərləri və s. şəxslər (ümumilikdə 30-40 nəfər) olub. O, fondun Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində gördüyü işlərdən də danışıb. Bu sıraya Ermənistanla qondarma rejimi birləşdirən yolun çəkilməsi, məktəblərin tikilməsi və s. daxildir. Təqsirləndirilən şəxs fond üçün vəsaitlərin telemarafonlar vasitəsilə yığıldığını, özünün də telemarafonlarda iştirak etdiyini bildirib. Deyib ki, telemarafonlar ABŞ-də (Los-Ancelesdə), Fransada (Parisdə), Almaniyada, Avstriyada, İsveçrədə keçirilib: "İnsanlar telemarafonlar vasitəsilə ianələr edirdi, biri 5 dollar, o biri 10 min dollar, başqası 50 min dollar verirdi".

A.Qukasyan Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində 2001-ci ildə məskunlaşma ilə bağlı onillik strateji planın qəbul edildiyini təsdiqləyib. Lakin iddia edib ki, bu qərar qondarma rejimin ərazisindən gedənlərin geri qaytarılması məqsədilə qəbul olunub. Bununla yanaşı, etiraf edib ki, qondarma rejimin ərazisinə Ermənistandan daimi yaşamaq üçün gələnlər olub.

A.Qukasyanın mənzilinə baxış zamanı aşkarlanmış erməni dilində olan sənəd - Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində məskunlaşma ilə bağlı xəritə məhkəmədə tədqiq edilib. Burada müxtəlif ərazilər və ailələrin, sakinlərin sayları göstərilib.

A.Qukasyan prokurorun suallarını cavablandırarkən belə bir sənədi xatırlamadığını deyib və əlavə edib: "Bu, mənim dövrümə aid sənəd deyil. Ola bilsin 2015-2016-cı illərə aid olan sənəddir".

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.

Top
0.068522930145264