İranın Ali Rəhbəri Əli Xameneinin Məsud Pezeşkianın inaqurasiya günü Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edərkən Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərlə bağlı yeni iddialar gündəmə gəlib. Maraqlıdır, Əli Xamenei Zəngəzur marşrutundan daha çox sülh danışıqlarının gündəmdə olduğu bir vaxtda dəhlizin əleyhinə danışmaqla nəyə işarə edir? Düzdür, Ermənistanın İranın "qırmızı xətt"i olduğu barədə bəyanat, dəhlizin hətta Ermənistanın da lehinə olduğu halda Tehranın buna qarşı çıxması ilk deyil. Lakin İranın hazırda Qərblə üz-üzə gəldiyi vaxtda Qərbin dəstəyi ilə hakimiyyətə gələn Paşinyana xatırlatma etməsi dəstəkdən daha çox, xəbərdarlığa bənzəyir. Bir növ, Ermənistan İranın yanında yer aldığını göstərməlidir.
Mövzunu Kriminal.Az-a dəyərləndirən politoloq Fikrət Sadıxov görüşdə diqqəti çəkən məqamlara toxunub:
"Danışıqların bizə məlum olan hissəsinə nəzər salanda görürük ki, müzakirə olunan məsələlərin bəzisi bizim regionla bağlıdır. Sadəcə, təəccüblüsü odur ki, Xamenei nə üçün məhz Pezeşkianın inaqurasiya mərasimində bu məsələni Paşinyana çatdırdı? Məgər rəsmi Tehran bu günə qədər Fransadan, Hindistandan silah alan, özünü Qərbin poliqonuna çevirən Ermənistanı görmürdü? Halbuki, İranda bu məsələyə həmişə həssaslıqla yanaşıblar. Bu baxımdan, Xameneinin indiki məqamda bunu dilə gətirməsi, yəni Paşinyana sözarası xəbərdarlıq etməsi müsbət bir amil kimi dəyərləndirilə bilər".
"Amma mən düşünürəm ki, İran rəhbərliyi Paşinyana daha güclü təzyiq etməlidir. Çünki rəsmi Tehran həmişə bəyanatlarında bu regionun Qərbin plasdarmına (qoşunların toplaşma meydanı) çevrilməməli olduğunu bildirir. Əgər Ermənistan açıq şəkildə bunu etsə, təzyiq də qaçılmaz olmalı, İran İrəvana ciddi xəbərdarlıq edərək bunun qarşısını almalıdır. Əks halda, bu, İranın acizliyi kimi görünəcək", - deyə politoloq əlavə edib.
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə Kriminal.Az-a açıqlamasında İranın İkinci Qarabağ müharibəsindən dərhal sonra Zəngəzur dəhlizinə qarşı olduğunu xatırladıb:
"İran bunu gah İran-Ermənistan sərhədinin pozulması, gah Ermənistanın İranın "qırmızı xətti" olması və yaxud regionda sərhədlərin dəyişdirilməsi kimi həqiqətə uyğun olmayan fikirlərlə əlaqələndirib. Lakin İran Ermənistan ərazisindən Zəngəzur dəhlizinin keçməsinə mane olsa da, öz ərazisindən Zəngəzur dəhlizinə alternativ yolun keçməsinə çox böyük həvəslə razılıq verib. Bu, Ermənistan üçün bir dərs olmalı idi. Əslində, ticarət və logistika yolunun ərazilərindən keçməsini dövlətlər özləri arzulayırlar, amma Ermənistan Azərbaycanın bu təşəbbüslərinə, eyni zamanda imzaladığı bəyanatın öhdəliklərinə fərqli formada yanaşır. Təbii ki, bu prosesin nəticəsinin məsuliyyəti də Ermənistanın üzərinə düşür".
"Lakin maraqlıdır ki, İran Zəngəzur dəhlizini sərhədlərinə, ərazi bütövlüyünə təhdid hesab edirsə, bəs Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyası adı altında Fransanın, Almaniyanın, eləcə də Avropanın İranla mübarizə aparan digər dövlətlərinin hərbçilərinin, jandarma qüvvələrinin yerləşdirilməsinə niyə qarşı çıxmır?
Əslində, İran bunu çox gözəl müşahidə edir və gələcəkdə bu addımların özü üçün də təhdid yaradacağını anlayır. Sadəcə, ona görə susur ki, Ermənistanı Rusiyadan daha tez cəzalandırmaq istəmir. İran, onsuz da, anlayır ki, həmin qüvvələrin Cənubi Qafqaza yerləşməsinin əsas təhdidi Rusiyaya yönəlib. Çünki Rusiya bununla Cənubi Qafqazda sonuncu dayaq nöqtəsini itirməlidir. Rusiya isə heç bir halda buna imkan verməyəcək. İran rəsmiləri də onlardan əvvəl bu məsələdə Moskvanın addım atmalı olduğunu anlayır və zaman-zaman səsləri çıxsa da, bunu daha sərt formada etmirlər", - deyə analitik vurğulayıb.
Bəşirov İranın ciddi problemləri olduğunu xatırladıb və bildirib ki, Ermənistan necə ki Rusiya-Ukrayna böhranından istifadə edib Qərblə daha da yaxınlaşır, bu, İrana qarşı da ola bilər:
"Lakin hər bir halda, gələcəkdə həm Rusiya, həm də İran tərəfindən Ermənistanın bu şəkildə silahlandırılması və dostlarına xəyanət etməsinə qarşı sərt reaksiyanın şahidi olacağıq".
Mərahim Nəsib