kriminal.az
Qərbin

Ölkələr arasında münasibətlərin yaranmasında və inkişafında aparıcı rol oynayan dövlət təsisatları sırasında parlament əlaqələri xüsusi yer tutur.

Ali qanunvericilik orqanının tərkibi ümumxalq səsverməsi yolu ilə formalaşdığı üçün bu qurumun üzvləri həm də seçicilərin fikirlərinin ifadəçisi, onların faktiki vəkilləri qismində çıxış edirlər.

Bu baxımdan, deputatların digər ölkələrdəki həmkarları ilə əməkdaşlığı özünəməxsus və çox effektli xalq diplomatiyası sayıla bilər. Onların bu istiqamətdə fəallığı yalnız təkcə dövlətlərin deyil, müxtəlif xalqların da bir-birinə yaxınlaşmasına, əlaqələrinin genişlənməsinə çox böyük təkan verər.

Əraziləri Ermənistanın uzunmüddətli işğalı altında olduğu dönəmdə Azərbaycan üçün bu müstəvidə əməkdaşlığın əhəmiyyəti özünün daha qabarıq şəkildə göstərib. Qeyd olunan dövrdə bir sıra ölkələrin parlamentariləri münaqişənin tarixindən xəbərsiz olduqları halda rəsmi Bakını "erməni torpaqlarının işğalında" ittiham edib. Bunun ən bariz nümunələrindən biri 1992-ci il avqustun 6-da də ABŞ Senatında Azərbaycana qarşı qəbul edilmiş "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi göstərmək olar. Həmin sənəd ABŞ-nin Azərbaycan hökumətinə və yerli özünüidarə qurumlarına (bələdiyyələrə) dövlət səviyyəsində istənilən birbaşa yardımın olunmasını qadağan edib. Konqres bu düzəlişi Amerika Erməniləri Milli Komitəsinin lobbiçilik səyləri nəticəsində, Azərbaycanın "Dağlıq Qarabağ ermənilərini blokadada saxladığı" iddiasını əsas gətirərək qəbul edib.

ABŞ Konqresində 32 il əvvəl hakim olan bu yanlış düşüncə ilə Azərbaycana yanaşanlar hələ də var.

Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra da bir sıra ölkələrin parlamentlərində Azərbaycan əleyhinə mövqe ifadələri yenə də səngimir. Bu ilin aprelində Avropa Parlamenti (AP) İttifaqa daxil olan ölkələrin hökumətlərini Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb. Halbuki tərəflər arasında 2006-cı il noyabrın 7-də Brüsseldə enerji sahəsində strateji tərəfdaşlığın əsasını qoyan Anlaşma Memorandumu imzalanıb.

İki il öncə Brüssel və Bakı 2024-cü ildən sonra Avropaya ötürülən təbii qazın həcmini 20 milyard kub metrə çatdırmağı hədəflədiklərini bəyan ediblər.

Azərbaycana qarşı birmənalı ədalətsiz mövqe tutan, onlara mandat verən seçicilərinin etibarından sui-istifadə edənlərdən biri də Fransa parlamentariləridir. 2020-ci il noyabrın 25-də Fransa Senatı "Dağlıq Qarabağ"ın " tanınması" haqqında qətnamə qəbul etmişdi. Çox təəccüblüdür ki, həmin qətnamənin qəbulu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən, Ermənistanın baş naziri Nikol Paşinyanın kapitulyasiya aktını imzalamasından sonra baş verib. Yəni rəsmi İrəvan öz iddialarından əl çəkdiyi halda, Fransa Senatının "ermənilərdən çox erməniliyi" davam edib.

1988-ci ildə Ermənistandan 300 minə yaxın azərbaycanlı zorla qovulub. Ancaq bu fakta heç vaxt münasibət bildirməyən Niderland parlamenti guya Qarabağdan erməni sakinlərin "məcburi çıxarılmasına" münasibət bildirməyə ehtiyac duyub. Rəsmi Bakının Qarabağdakı erməni əhalinin Azərbaycana inteqrasiyası ilə bağlı dəfələrlə çağırış etdiyi də faktdır. Lakin Qarabağ erməniləri bu çağırışa qarşılıq verməyərək Ermənistana köçməyi üstün tutublar.

Oxşar nümunələrin sayını kifayət qədər artırmaq olar. Ancaq maraqlıdır, adları çəkilən ölkələrin parlamentləri niyə Azərbaycan əleyhinə belə qərəzli, ədalətsiz, bir çox hallarda isə savadsız sənədlər qəbul edirlər? Halbuki həmin ölkələrin başqa dövlət strukturları, xüsusilə, hökumətləri və transmilli şirkətlərinin Azərbaycanla qarşılıqlı faydaya əsaslanan çox səmərəli əməkdaşlığı mövcuddur.

Buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan Milli Məclisi ilə Avropa İttifaqı, ABŞ və başqa ölkələrin parlamentləri arasında əlaqələr o qədər də effektiv qurulmayıb. Halbuki, Milli Məclisin deputatları təmsil olunduqları parlamentlərarası dostluq qruplarında əcnəbi həmkarlarına Azərbaycan həqiqətləri haqqında ətraflı məlumat verə, qarşı tərəfdəki yanlış və düşüncələri müsbətə doğru dəyişə bilərdilər.

Bu il sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkisi keçiriləcək. Ötən çağırışlarda Milli Məclisdəki parlamentlərarası dostluq qrupları üzvlərinin diqqət etmədikləri və ya laqeyd yanaşdıqları bu məsələnin yeni tərkib tərəfindən diqqətdə saxlanılması çox vacibdir. Çünki deputatlar təkcə qanun yaradıcıları deyil, həm də xalqın vəkili olduqlarından, onların ölkənin tanıdılması, təbliğ edilməsi kimi missiyaları da var. Bunun üçün savadlı, dövlətçi təfəkkürə malik, millətin və ölkənin məsələlərini daha yaxşı bilən, xaricilərlə əlaqə qurmağı bacaran hazırlıqlı şəxslərin seçilməsinə ehtiyac var. Ötən illərin təcrübəsi parlamentlər arasında işin o qədər də yüksək səviyyədə qurulmadığını təsdiqləyir. Ona görə də Milli Məclisin yeni tərkibinin bu məsələyə ciddi diqqət yetirməsi sosial sifariş kimi qəbul edilə bilər.

Bu mövzuda "Report"a danışan politoloq Tofiq Abbasov bildirib ki, Qərb ölkələrinin yalnız parlamentlərinin deyil, ümumiyyətlə, həm siyasi, həm də ictimai institutları tərəfindən Azərbaycana qarşı təzyiqlərin şahidi oluruq:

"Azərbaycan gənc dövlət olmasına baxmayaraq, suveren siyasət yürüdür. Qərb isə yersiz və əsassız müdaxilələri ilə bizi müstəqil siyasət yolundan çıxarmağa çalışır. Əlbəttə, bu, yanlış yanaşmadır. Cənubi Qafqaz ölkələri ilə müqayisə aparsaq, görərik ki, Gürcüstanda hakimiyyətlər dəyişsə də, ölkənin Qərbin bir hissəsi olduğunu, ölkəyə demokratiyanın gəlməli olduğunu bildirirdilər. Bəs nə oldu? Onlar istəyirdi ki, rəsmi Tbilisi Qərbin təsiri altında olsun və hər hansı bir qərarın qəbulunda həmin mərkəzlərdən icazə alsın. Lakin son hadisələr Gürcüstan cəmiyyətinin Qərbin əlaltısına çevrilmək istəmədiyini sübut etdi".

T.Abbasov qeyd edib ki, ABŞ-nin siyasi rəhbərliyi postsovet ölkələrində hökumətin tez-tez dəyişməsini təmin edən sistem qurulmasına çalışsa da, hakimiyyətdə Heydər Əliyev və İlham Əliyev kimi qətiyyətli dövlət adamları olanda, istədiklərini həyata keçirə bilmirlər:

"Hər iki lider Azərbaycanın öz milli dövlətçilik ənənələrini möhkəmləndirmək üçün lazım olan bütün addımları atıb və atır. Mövzuya aid danışsaq, təəssüflə bildirməliyik ki, bizim bəzi deputatlarımız beş il parlamentdə otururlar, amma səsləri çıxmır. Lakin unutmaq olmaz ki, parlament dialoq platformasıdır. Orada ilk növbədə hüquqşünaslar, iqtisadçılar, ictimai fəallar, lazım gələrsə, din xadimləri olmalıdır. Ancaq kim olursa-olsun, onlar deputat mandatı aldıqdan sonra xalqa xidmət etməlidirlər. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ilk dəfə ölkənin bütün ərazisində parlament seçkisi keçirilir. Bir daha o fikrə qayıdıram ki, Milli Məclisə hazırlıqlı, ölkənin maraqlarını bütün müstəvilərdə qorumağı bacaran şəxslər seçilməlidir. O zaman bəhs etdiyimiz məsələnin də aktuallığı tədricən azalacaq".

Top
1.6610910892487