kriminal.az
Yaylagül Ramazanova:

"13 ildir məşq etməyimə baxmayaraq, son 2-3 ildə daha yaxşı nəticələr göstərməyə başlamışam. 2013-cü ildə ilk dəfə Bakıda beynəlxalq turnirdə yer tutduqdan sonra müəllimlərim gördü ki, məndə alınır. Ondan sonra məni yeni kaman və oxla təmin etdilər. Beləliklə, mənim bu sahəyə həvəsim daha da artdı. Amma düşünürəm ki, tam peşəkar fəaliyyətim Avropa Oyunlarından sonraya təsadüf edir".

Bu sözləri "Kaspi" qəzetinə müsahibəsində ölkəmizi Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil edən, kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova deyib.

Xatırladaq ki, dünya reytinqində 61-ci sırada olan Ramazanova təsnifat mərhələsində 647 xalla 39-cu yeri tutdu. Bu, onun mövsümdə ən yaxşı nəticəsi idi. Yaylagül 1/32 finalda hamiləliyinin yeddinci ayında olmasına baxmayaraq, təsnifat mərhələsində 26-cı yeri tutan çinli An Tsiyuanı tay-brekdə 6:5 hesabı ilə məğlub edərək 1/16 finala vəsiqə qazandı. Burada o, Almaniyadan olan Mişel Kroppenə 2:6 hesabı ilə məğlub oldu.

Yaylagül Ramazanova 1990-cı il yanvarın 18-də Bakıda anadan olub. A.Vəliyev adına 258 saylı orta məktəbin məzunudur. 2015 və 2023-cü il Avropa Oyunlarının, 2019-cu il Dünya Çempionatının və 2016, 2018, 2021 və 2022-ci il Avropa çempionatlarının iştirakçısıdır. O, 70 metr məsafəyə oxatma üzrə ölkə rekordçusudur.

İlk olmağın məsuliyyəti

- Siz ölkəmizi Olimpiadada kamandan oxatma idman növündə ilk dəfə təmsil edən idmançı idiniz. Bunun məsuliyyəti sizin üçün nə idi?

- İlk azərbaycanlı idmançıyam ki, kamandan oxatma idman növünü Olimpiadada təmsil etdim. Bu, özü də qürurvericidir. İlk dəfə olduğu üçün düşünürəm ki, böyük bir şans idi. Özümə dedim ki, "bura qədər gəlmişəmsə, deməli, bacara bilərəm". İlk olmaq idmançıda özgüvəni də artırır.

- Yarışların olimpini fəth etmək, təbii ki, bütün idmançılar kimi sizin də arzunuz olub. Olimpiadaya aparan yolun özü maraqlıdır. Bu, necə bir yoldur?

- Bir ay bundan öncə Antalyada Olimpiya Oyunlarına lisenziya qazandım. Oraya komanda şəklində getmişdik, lakin komanda yoldaşlarımın lisenziya üçün xalı çatmadı. Bu səbəbdən Parisdə tək mübarizə aparmalı oldum. Lisenziyanı qazana bilmək üçün dörd rəqibimi keçməli idim. Onların dördünü də ötüb keçmək və lisenziya qazanmaq möhtəşəm duyğu idi. Olimpiadada iştirak üçün yalnız səkkiz idmançıya lisenziya verirdilər. Mənimlə bərabər 120 idmançı yarışırdı. Çox xoşbəxtəm ki, onların arasında mən də oldum.

Yarışlardan əvvəl çox ciddi hazırlaşırdıq, gündə səkkiz saat məşq edirdik. Yarış olsa da, olmasa da məşq həmişə olur. Başqa variantın yoxdur. İrəli getmək istəyirsənsə, yaxşı nəticələr əldə etməyi hədəfləmisənsə, gün ərzində qarşına müəyyən atış limiti qoyursan. Çox məşq etmək idmançının xeyrinədir, onun əzələlərini inkişaf etdirir.

"İdmanla məşğul olmaq həm ana, həm də bətnindəki körpə üçün faydalıdır"

- Bətninizdə altı aylıq övladınızla gün ərzində səkkiz saat məşq sizə çətin olmurdu?

- Hamiləliyin məşqə heç bir maneçiliyi yoxdur. Hər şey adi qaydada davam edir. Adətən bizdə belə başa düşülür ki, hamiləsənsə, idmanı dayandırmalısan. Amma əslində idmanla məşğul olmaq həm ananın, həm də onun bətnindəki körpənin sağlamlığı üçün faydalıdır. Mən olmayım, başqa bir idmançı xanım olsun, əgər yarışın bu mərhələsinə qədər gəlib çıxa bilibsə, məncə, o da sona qədər davam edərdi.

- Təbii ki, yarışı yarımçıq, titulsuz tərk etmək kədərlidir...

- İndiyədək iştirak etdiyim bütün yarışlar yüksək səviyyəli olub. Dünyanın ən güclü idmançıları ilə mübarizə aparmışam. Onlarla yarışda baş çıxarmağı bacarmalısan. Parisdəki çinli rəqibim çox güclü idi. Mənim onu məğlub edə biləcəyimi gözləmirdi. Amma yanıldı. Olimpiadada birinci rəqibimə qalib gəldikdən sonra düşündüm ki, asanlıqla almaniyalı rəqibimə də qalib gələrəm. Amma təəssüf ki, bu, alınmadı.

Düşünürəm ki, alman rəqibimin dincəlmək üçün vaxtı daha çox olmuşdu. Mən isə bir idmançıdan sonra yenidən yarışa qatıldım. Bu da rol oynayır. Zamanım bir az daha çox olsaydı qalibiyyət şansım yüksələrdi. Məğlubiyyətə baxmayaraq, dayanmağı düşünmürəm. Qalibiyyət üçün daha yüksək templə çalışacağam. Qalib gəlmək gözəl bir duyğudur. Bu hissi dadmağı hər kəsə arzu edirəm.

- Paris Olimpiadası yaddaşınızda başqa hansı təəssüratlarla qaldı?

- Mütəmadi olaraq yarışlara getdiyimizə görə əksər idmançılar bir-birilərini tanıyır, öz ölkələrindən hədiyyələr gətirirlər. Amma elə ölkələr var ki, onların təmsilçiləri çox soyuq münasibət göstərirlər. Məsələn, Asiya ölkələrinin idmançılarına yaxınlaşıb salam vermək də olmur. Lisenziya mərhələsində hindistanlı rəqibimi məğlub etdikdən sonra görüşmək istəmişdim, amma o, üzünü çevirib getmişdi. Daha çox müəllimləri icazə vermirlər. Düşünürəm ki, bu da psixoloji vəziyyətlərinə təsir etməmək üçündür. Onlarda əsas mübarizə və nəticədir. Hər şeyi nəzərə aldıqları üçün idmançıları maksimum çərçivədə saxlamağa çalışırlar.

"Məni izləyərkən ağlayanlar, əsəbiləşənlər də olub"

- Ölkəmizi Parisdə təmsil edən idmançılara çox güclü dəstək var idi. Siz yarışda ən çox dəstəyi kimdən hiss etdiniz?

- Yarışlarda məni həmişə məşqçilərim, ailəm və yoldaşım dəstəkləyib. Həyat yoldaşım da mənimlə bərabər bəzi yarışlarda iştirak edir, dəstək olur. Birlikdə digər idman yarışlarını da izləyirik. Olimpiadada həmvətənlərimizin dəstəyi böyük idi. Oyunları izləyən insanlar qalib gəlməyimi məndən də çox istəyirdilər. İlk rəqibimlə yarışanda insanlar dəstək videoları göndərirdilər. Hətta məni izləyərkən ağlayanlar, əsəbiləşənlər belə olub.

Yarışmaya qədər hansı ölkənin idmançısını məğlub etmişəmsə, həmin ölkələrin media nümayəndələri də məndən müsahibələr götürürdülər. Məsələn, hindistanlı rəqibimi məğlub etməyim bir ay öncə olsa da, yaddaşlarında qalmışdı ki, azərbaycanlı idmançı onların dəfələrlə olimpiadalarda iştirak etmiş güclü idmançısına qalib gəlib. Olimpiadaya lisenziya qazananların əksəriyyəti təcrübəlilər idi. Rəqiblərimin çoxu əvvəllər də olimpiadalara qatılmışdılar. Məndə isə ilk dəfə idi. Ölkəmizdə bu idman növü hələ gəncdir. Sovet dövründə populyar olsa da, müstəqillik dönəmindən sonra yeni-yeni inkişaf etməyə başlayır.

"Qalibiyyət üçün komanda olmalıdır"

- Yaxşı mövzuya toxundunuz. Kamandan oxatma ölkəmiz üçün nə qədər populyar idman növüdür?

- Hələ ki, idmançı sayımız 50-100-ə güclə çatır. Onların da bəzilərinin davam etməyə səbri, maddi imkanları çatmır. Bu sahədə uğurlu olmaq üçün minimum bir, maksimum üç il lazımdır. Oğlan uşaqları müəyyən dövrə qədər özlərini bu sahədə inkişaf etdirirlər, amma bir müddətdən sonra pul qazanmaq üçün komandanı tərk etməli olurlar. Gələn oğlanların maksimum iki faizi bu sahədə qalır. İdmançılar yalnız yığma komandaya düşə bildikdə onların maddi məsələləri həll edilir. Yığmaya düşmək üçün də çox çalışmaq lazımdır. Ona görə də komandada daha çox qızlardır. Onlarda da güc, səbir, ambisiya olduqda davam edə bilirlər. İstəyərdim ki, komandamızda idmançıların sayı artsın, ölkəmizi xaricdə təmsil edək. Komandanın olması qalib olmaq şansımızı daha çox artırır. Hazırda müəyyən işlər həyata keçirilir, federasiyamız yenidən qurulur. Daha yaxşı olmağımız üçün yeniliklər edilir. Amma bunlar hələlik ilkin cücərtilərdir.

- Deyirsiniz komandada daha çox qadınlardır. Bəs hansı cinsin təmsilçiləri bu sahədə daha uğurludur?

- Düşünürəm ki, hər iki cinsin nümayəndəsi uğurlu ola bilər. Kişilər də peşəkar ola bilər, lakin onlarda səbir daha azdır. Bu idman növündə diqqət, fokuslanmaq çox önəmlidir. Psixoloji durumun zəifdirsə, çətin olur. Güc vacibdir, çünki dartım üçün güc lazımdır, kaman özü isə üç kiloqramdır. Bunu bacarmaq elə də asan deyil. İdmanda uğurlu olmaq üçün məqsədli və işinə fokuslanan olmalısan. Gördüyün işə, məşğul olduğun sahəyə sevginin olması vacibdir.

"Ox yaydan çıxana qədər sənindir"

- Hər peşənin özünəməxsus çətinlikləri var. O cümlədən idman növlərinin də...

- Bizim idman növündə ox yaydan çıxana qədər sənindir. Yaydan ayrıldıqdan sonra oxa heç bir müdaxilə edə bilmirsən. Nəzərə alınmalı amillər də çoxdur. Külək, hava amili böyük rol oynayır. Məsələn, olimpiadada çinli idmançı ilə ox atdığımız zaman hava birdən pisləşdi, yağış yağdı, sonra isə bürkü oldu. Yəni orada idmançının nə çəkdiyini bir özü, bir də bəlkə tribunada oturanlar bilirlər. Burada psixoloji durum da çox önəmlidir. Əlin, ayağın da əsə bilər. Özünü ələ ala bilsən, irəli gedəcəksən, ala bilməsən, nəticələr yaxşı olmayacaq.

- Siz bu çətinliklərlə necə başa çıxırsınız?

- İlk başlayanda bəzən həvəsdən düşürdüm. Çünki yarışlarda məğlub olduqda adam həvəsdən düşür. Amma sonrakı dövrlərdə artıq belə hallar olmurdu. Əvvəl hər hansı turnirdə uduzanda deyirdim ki, bir daha çıxış etməyəcəyəm. Amma Bakıya qayıtdıqdan sonra daha da çox çalışırdım, daha böyük nəticələr əldə etməyi hədəfləyirdim. Düşünürdüm ki, başqa ölkəyə bu qədər yol gəlmişəmsə, niyə məğlub olmalıyam? Artıq qarşıma məqsəd qoyurdum ki, gələn səfər daha yaxşısını edəcəyəm. Turist kimi gəzmək yox, qalib kimi ölkənə geri dönmək istəyirsən. Bu zamanlarda özümü ruhlandıran elə özüm olurdum.

"Ailəm həm idmana, həm də incəsənətə yönləndirib"

- Özünüzün də qeyd etdiyiniz kimi, ölkəmizdə kamandan oxatma yeni-yeni populyarlaşır. Sizi bu sahəyə gətirən nə olub?

- Mənim bu sahəyə gəlməyimin ən böyük səbəbkarı ailəmdir. Atam idman həvəskarıdır. Özü də idmanla məşğul olmağı çox sevir. İlk müəllimim də elə o olub. Atam həmişə bizə çox güclü motivasiya verib. Həmişə istəyirdi ki, uşaqları idmançı, rəssam olsunlar. Bəlkə buna görədir ki, mən həm də incəsənət adamıyam.

- İncəsənət insanısınız... Maraqlıdır, ikisinin arasında bağlılığı necə tapmısınız?

- Fikrimcə, rəssamlıq və idmanın ortaq cəhəti səbirdir. Hər iki sahə yaradıcılıq tələb edir. Şəkli çəkməyə də, oxu atmağa da hövsələ lazımdır. Oxatmada da yaradıcılıq tələb olunur. Hər bir idmançının özünəməxsus yanaşma tərzi var. Uşaqlıqdan idman və incəsənət həmişə mənim üçün paralel gedib. Məsələn, 2015-ci ildə yaradıcı işlərimin əksəriyyəti oxatmaya aid idi. Təsadüfən hər iki sahəyə də eyni zamanda başlamışam. 2011-ci ilin yanvar ayında oxatmaya başladım, sentyabrdan isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul oldum.

"Hazırda həm oxatma, həm də rəssamlıqla məşğul oluram"

- Seçim etməli olsaydınız, gələcək fəaliyyətinizi rəssam, yoxsa idmançı olaraq davam etmək istəyərdiniz?

- Hazırda həm oxatma, həm də rəssamlıqla məşğul oluram. Rəssamlığın üstün cəhəti odur ki, onunla istədiyin yerdə məşğul ola bilirsən. Əvvəl sərgilərə daha çox qatılırdım. Son zamanlar yarışların çoxluğundan buna vaxt tapa bilmirəm. Hər gün rəsmlə məşğul olmuram, lakin hər ikisinə zaman ayırmağa çalışıram. Səhər saatlarımı idmana, axşamı isə rəssamlığa həsr edirəm. Gələcəkdə də hər iki sahə üzrə davam etməyi düşünürəm. İdmanda hədəfim daha da irəliyə getmək, daha yaxşı nəticələr əldə etməkdir. Rəssamlıq sahəsi üzrə isə fərdi sərgi təşkil etməyi düşünürəm. Fasilə vermiş olsam da, məncə, artıq zamanıdır.

Top
5.4067089557648