kriminal.az
Bu gün Bakıda neokolonializmə qarşı mübarizə ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Bu gün Bakıda Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyr İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə Niderlandın müstəmləkəçiliyi altında olan Boneyr adasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

"Report" xəbər verir ki, "Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayr xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatlarının rəsmiləri və vəzifəli şəxsləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edəcək.

Konfransa Sent-Vinsent və Qrenadin Hökumətinin xüsusi nümayəndəsi, Belizin BMT-dəki (Nyu-York) daimi nümayəndəsi, UNICEF-in gənclərlə iş üzrə vəkili, "Karib Hövzəsi Ölkələri Birliyi" beynəlxalq təşkilatının gənclərlə iş üzrə səfiri və BMT-nin Afrika xalqlarının Daimi Forumunun sədri və s. yüksək səviyyəli şəxslər də qatılacaq.

Konfransda Niderlandın əsarəti altında olan Boneyr xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi imkanlar müzakirə olunacaq.

Tədbir Boneyr xalqının gələcək tarixi üçün çox mühüm bir hadisə ərəfəsində keçiriləcək. Tədbirdən bir neçə həftə sonra Bonayr adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına qətnamə layihəsinin təqdim edilməsi planlaşdırılır. Hazırkı konfransın əsas məqsədlərindən biri də həmin qətnaməyə beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir.

Boneyr xalqı üçün belə bir tarixi əlamətdar hadisə ərəfəsində azadlıq uğrunda mübarizə aparan şəxslərin məhz Azərbaycana toplaşması ölkəmizin dekolonizasiya sahəsində dünyanın əsas mərkəzlərindən birinə çevrilməsini təsdiq edir. Bu həm də ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində dekolonizasiya prosesinə verdiyi töhfələrin, uğurlu lokomotiv rolunun nəticələrinin bariz nümunəsidir.

Top
0.10253810882568