kriminal.az
İndiyədək qayda pozuntuları ilə bağlı MSK-ya məlumat daxil olmayıb

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi ilə bağlı indiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) qayda pozuntularına dair məlumat daxil olmayıb.

"Report" xəbər verir ki, bunu MSK-nın üzvü Ramiz İbrahimov MSK-nın Seçkilər İnformasiya Mərkəzində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkisinə böyük maraq var: "Seçkini 112 mindən çox yerli, 598 xarici müşahidəçi izləyir. İndiyədək MSK-nın qaynar xəttinə yalnız sorğu xarakterli müraciətlər daxil olub".

Qeyd edək ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Top
0.058618068695068