kriminal.az
Ermənistanla sərhəddə yerləşən Köhnəqışlaq kəndində yüksək seçki əhvali-ruhiyyəsi

Növbədənkənar parlament seçkisi ölkəmizin hər yerində olduğu kimi, sərhəd kəndlərdə də yüksək fəallıqla keçirilir. Uzun müddət Ermənistan silahlı qüvvələri tərəfindən atəş altında saxlanılan, zaman-zaman təxribatlarla üzləşən sərhəd kəndlərimizdən biri də Ağstafanın Köhnəqışlaq kəndidir. Bu qədim kəndin əhalisi nəinki Birinci Qarabağ müharibəsi dövründə, hətta ötən əsrin əvvəllərində də ermənilərin təqiblərinə və hücumlarına məruz qalıb. Lakin bütün çətinliklərə baxmayaraq, sakinlər öz ata-baba yurdlarında yaşayıb, qurub-yaradıb, bir an da olsun doğma torpaqlarını tərk etməyiblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Ermənistan dövlət sərhədindəki Köhnəqışlaq kəndi dəniz səviyyəsindən 700-800 metr yüksəklikdə yerləşir. Rayon mərkəzi ilə məsafəsi təxminən 22 kilometrdir. Uzun müddət bu kənd atəş altında saxlanılıb. Ermənilər zaman-zaman təxribatlar törədərək, sakinlərin gündəlik işlə məşğul olmasına maneə yaratmağa çalışıblar. Lakin buna baxmayaraq ölkəmizin ictimai-siyasi həyatındakı proseslərdə hər zaman fəal iştirak edən köhnəqışlaqlılar bir gün də olsun kəndlərini tərk etməyiblər.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən sonra sərhəd kəndinin sakinlərinin əhvali-ruhiyyəsi də artıb. İndi Köhnəqışlaq sakinləri bütün ölkə vətəndaşları kimi qürurludurlar.

Əkinçilik və heyvandarlıqla məşğul olan sakinlər hazırda gündəlik işləri ilə məşğuldurlar. Kənd sakini Səhrəddin Hüseynov deyir ki, əvvəllər çətin olsa da, indi vəziyyət yaxşıdır: "Camaatın əhvalı çox yüksəkdir. Hamı bir nəfər kimi səsvermədə iştirak etməyə çalışır. Kəndimiz çox qədim kənddir. 1905-1907-ci ildə atəşə məruz qalıb, yandırılıb. Camaat qaçıb, bir də qayıdıb. 1917-1918-ci ildə yenidən həmin hadisələr təkrarlanıb. Üçüncü dəfə oxşar hadisələr 1988-ci ildə başlayıb. Amma bu dəfə heç kim heç yana getməyib, atəş altında yaşayıb. Evlərimizdə qəlpələrin yeri hələ də görünür".

Sakinlər bildirirlər ki, əvvəllər müharibədən çox əziyyət çəkib, güllə altında yaşamalı olublar. Bu gün isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun Qarabağ Zəfərindən sonra sərhəd kəndində də həyat öz axarına qayıdıb. İndi bu sərhəd kəndində də sakitlik hökm sürür. "Düşmən həmişə bizim kəndə ciddi ziyan vururdu. Bu gün artıq elə deyil. Ovaxtkı yaşayışla, indikini müqayisə etmək olmaz. İndi daha gözəldir. Vaxtilə çox çətinliklər çəkməyimizə baxmayaraq, Prezidentimiz bizi ağ günə çıxartdı. Hazırda seçki keçirilir, sakinlər seçkidə fəal iştirak edirlər", - deyə kənd sakini Elşən Orucov əlavə edib.

Köhnəqışlaq kəndində yaşayış üçün lazımi infrastruktur qurulub, kəndin qazı, işığı, interneti var. Yollara da asfalt örtük çəkilib. Bir sözlə, sakinlər indi yalnız həyət-bacalarındakı təsərrüfatı barədə düşünürlər. Evlərinin bir addımlığında isə Vətən torpaqlarının keşiyində ayıq-sayıq duran qəhrəman oğullar var.

108 saylı Ağstafa Dairə Seçki Komissiyasının 15 saylı seçki məntəqəsi Köhnəqışlaq kəndində fəaliyyət göstərir. Məntəqənin 400 seçicisi var və səsvermə prosesi fəal keçir. Məntəqə sədri Şəhadət Qurbanov bildirib ki, qeydiyyatda olan seçicilər arasında ilk dəfə səsvermə hüquq əldə edən 9 seçici var. 17 nəfərin yaşı isə 80-dən yuxarıdır.

Bir sözlə, Köhnəqışlaq kəndinin sakinləri indi daha yüksək əhvali-ruhiyyədədirlər. Onlar torpaqlarımızın keşiyini çəkən, sərhədin müdafiə və mühafizəsində duran sərhədçilərimizə daim duaçıdırlar.

Top
0.69841694831848