kriminal.az
Zəngəzur yolunu xarici şirkətin mühafizəsi faktının bölgə dövlətlərinə təsiri

Azərbaycan Türkiyə ilə regional və qlobal əhəmiyyətli Zəngəzur yolu layihəsinin reallaşmasına addım-addım yaxınlaşır.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə jurnalistlərə Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasının xarici özəl mühafizə şirkətinə verilməsinin istisna edilmədiyini bildirib.

Xatırladaq ki, bu günlərdə ölkənin baş naziri Nikol Paşinyan kommunikasiya xəttinin mühafizəsinin xarici özəl təhlükəsizlik agentliklərindən birinə həvalə edilə biləcəyinin mümkünlüyünü bildirmişdi. Onun sözlərinə görə, bu, Ermənistanın suverenliyini pozmur.

Rəsmi İrəvanın Zəngəzur yolunun açılması ilə bağlı daha çox müəmması olub. Onlar əvvəlcə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın məsələ ilə bağlı uyğun tələbini yerinə yetirməmək üçün müxtəlif bəhanələr uydurdular. Sonra Rusiya hərbçilərinin, sərhədçilərinin Ermənistandan çıxması məsələsi etiraz aksiyası, ayrı-ayrı siyasilərin və ictimaiyyət nümayəndələrinin dili ilə vurğulandı. Habelə rəsmi İrəvan noyabr bəyanatının artıq qüvvədən düşdüyünü bildirmişdi.

Baş nazir bu günlərdə isə Azərbaycanla bütün mübahisəli məsələləri birbaşa müzakirə yolu ilə həll etmək istədiklərini deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da bu açıqlamaya "Allah xətrinə, gedin, danışın" kimi ismarışı Zəngəzur yolunun açılması üçün yaşıl işıq sayıla bilər.

Ancaq mühafizə üçün xarici özəl şirkətin dəvəti məsələsi regional təhlükəsizlik baxımından suallar doğurur. Həmin mühafizə agentliyi hansı ölkəni təmsil edəcək? Onların fəaliyyəti ilə bağlı əsasnamə necə formalaşdırılacaq? Bu mühafizə xidmətinin fəaliyyətində Azərbaycanın və başqa qonşuların maraqları nəzərə alınacaq?

Belə ehtimal etmək olar ki, Ermənistan mühafizə agentliyi adı altında ölkəsinə və Cənubi Qafqaza yeni qüvvə, yaxud yeni hərbi güc cəlb edir. Yaxud ənənəvi müttəfiqi Fransa bu məsələdə də aparıcı olacaq. Rəsmi İrəvan bildirib ki, Azərbaycanla sərhədlər müəyyənləşdikdən sonra Avropa İttifaqı Mülki Müşahidə missiyasının fəaliyyətinə son veriləcək. 300 nəfərlik bu missiya Azərbaycanın razılığı olmadan bölgəyə yeridilib. Ermənistanın indiyədək sərhəddə atəşkəsi pozmasına, törətdiyi təxribatlara münasibət bildirməyib. Monitorinqçilər daha çox Ermənistanın mənafeyini müdafiə ediblər.

Bu baxımdan həmin missiyanın, yaxud orada təmsil olunan ölkələrin vətəndaşlarından formalaşdırlacaq heyət özəl mühafizə xidməti adı altında Zəngəzur yolunu mühafizə etməsini də ehtimal etmək olar.

Mühafizə xidmətinin ABŞ-ni də təmsil etməsi də mümkündür. Son aylar Ştatlardan İrəvana göndərilən naməlum hərbi yüklər Zəngəzur yolunun qorunması üçün nəzərdə tutula bilər.

Çünki həm ABŞ, həm də Fransa Rusiyanın Ermənistandan çıxmasını istəyir.

Deməli, Nikol Paşinyan Rusiyanı sıxışdırmaq üçün regiona "özəl mühafizə xidməti" adı altında xarici qüvvə gətirə bilər. Bu halda region ölkələrinin maraqlarının nəzərə alınması məqsədəuyğun sayılır. Agentliyin qonşu dövlətlərin təhlükəsizliyini təhdid edə biləcək fəaliyyətlə məşğul olmayacağı məlum deyil. Çünki Avropa İttifaqının Mülki Vətəndaş Missiyasının əməlləri bu şübhənin yaranmasına səbəb olub.

Belə çıxır ki, Ermənistan 10 Noyabr bəyanatında nəzərdə tutulan 9-cu maddənin icrasında Rusiya sərhədçilərini öz əsgərləri ilə deyil, xaricilərin xidməti ilə əvəzləyəcək.

Bu halda vəziyyətdən ən çox narahat olan İrandır. Çünki Tehranın ABŞ-yə münasibət məlumdur. İran rəsmiləri xarici mühafizə xidmətinə işarə etmədən bu yolun açılmasına qarşı çıxırlar.

İran parlamenti Milli Təhlükəsizlik Komissiyasının keçmiş üzvü Heşmetullah Fəlahətpişe bu ideyanın reallaşmasını "dostluq tələsi" adlandırıb. O deyib ki, İran Əhatəli Razılaşma Müqaviləsi ilə bağlı maraqlarını Rusiyanın Ukraynadakı mənafeyinə qurban verib. Heşmetullah Fəlahətpişe bildirib ki, Rusiya Zəngəzur yolunun açılmasına razılıq verməklə İranın yolunu bağlayır. Onun iddiasına əsasən, keçmiş prezident İbrahim Rəisi İranın nüvə sazişi ilə bağlı maraqlarını Rusiyanın Ukraynadakı mənafeyinə qurban verib: "İndiki hökumət bu səhvi təkrarlamamalı və Moskva ilə birtərəfli dostluğun tələsinə düşməməlidir...".

İrəvan rəsmilərinin çıxışı İranın rahatsızlığının əsl mətləbinin də üzə çıxmasına şərait yaradır. Belə çıxır ki, Rusiya məlum bəyanatda göstərilən yola nəzarətdən imtina edir, bunun özəl xidmətlə əvəzlənməsinə razılıq verir. Ona görə də İranda Moskvanı onları "dostluq tələsinə" salmaqda ittiham edirlər.

Bu şəraitdə İran Zəngəzur yoluna dolayı yolla da olsa, nəinki nəzarət və istifadə etmək imkanından məhrum olur, onun bu dəhlizə baxmasına belə şərait yaradılmayacaq. O halda İran Zəngəzur yolu ilə hərəkət edən qatarların yalnız səsini eşidə bilər. Tehran Ermənistanla əlaqənin kəsiləcəyindən daha çox, yola qərbin nəzarət edəcəyindən narahatdır. Agentlik fəaliyyətə başlayacağı halda Tehran Ermənistanın ərazi bütövlüyü ilə bağlı "qırmızı xəttini" necə müdafiə edəcək? İrəvan rəsmiləri xidmətin suverenliklərini pozmadığını bildirir.

Yola nəzarət üçün xarici agentlik gəlsə, Tehran irəli sürdüyü "qırmızı xətt" savaşını İrəvan və Moskva ilə aparmalı olacaq. Hər halda növbədə İran-Rusiya qarşıdurmasıdır. Moskva Tehranı öz marağına qurban verir. Bir neçə il öncə İran parlamentinin deputatı bildirmişdi ki, onların tarixi düşməni Rusiyadır: "Bu ölkə həmişə bizi satıb. İranın ənənəvi dostu ingilislərdir..."

"Report" İnformasiya Agentliyi

Top
0.8981339931488