kriminal.az
Azərbaycanda hərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyinin şərtləri məlum olub

"Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası" "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" ölkə Prezidentinin 14 dekabr 2023-cü il tarixli fərmanına əsasən hazırlanıb.

Kriminal.Az xəbər verir ki, Qayda Universitetin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsinə dair tələbləri və digər təşkilati məsələləri müəyyən edir.

Qaydada nəzərdə tutulan hərbi qulluqçulara güzəştli ipoteka kreditinin verilməsi proseduru və şərtləri dövlət başçısının 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası" ilə müəyyən edilir. Qaydada istifadə olunan anlayışlar İpoteka kreditinin verilməsi Qaydasında müəyyən edilmiş mənaları ifadə edir. Onun müddəaları 2024-2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən ölkə vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir.

2024-2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərilir. Maliyyə dəstəyi güzəştli ipoteka kreditinin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin bir hissəsi və aylıq annuitet ödənişlərinin bir hissəsi üzrə yalnız bir yaşayış sahəsinin satın alınması məqsədilə müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə göstərilir.

İlkin ödəniş İpoteka kreditinin verilməsi Qaydasına əsasən müəyyən edilmiş güzəştli ipoteka kreditinin maksimal məbləğinin 15%-dən çox olmamaqla, güzəştli ipoteka kreditindən istifadə etməklə satın alınan yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə qiymətinin 15%-i məbləğində verilir. Annuitet ödənişləri üzrə verilən maliyyə dəstəyi annuitet ödənişlərinin 50%-i qədər olur. Güzəştli ipoteka krediti üzrə əsas borc məbləğinin bir hissəsi kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən əvvəl qaytarılarsa və yaxud borc restrukturizasiya edilərsə, annuitet ödənişləri üzrə maliyyə dəstəyi yenidən hesablanmış annuitet ödənişinin bu Qaydada nəzərdə tutulmuş həcmində müəyyən edilir.

Top
0.11180901527405