kriminal.az
Rusiya-Ukrayna müharibəsi və Azərbaycanın sülh təşəbbüsləri

Rüstəm Qaraxanlı yazır...

Prezident İlham Əliyevin İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı Rusiya-Ukrayna münasibətlərində Azərbaycanın mümkün vasitəçiliyinə dair suala cavabı müharibə trekində ötən həftənin bəlkə də ən mühüm hadisəsidir. İki ildən çoxdur davam edən qanlı münaqişə tarixində vasitəçilik üçün zaman və pozitiv gözlənti baxımından indiki qədər münbit məqam olmayıb. Düzdür, cəhdlər olub. Ancaq vasitəçilik alətlər və nüfuz kimi aktual amillərə əsaslanmalıdır. II Qarabağ müharibəsindən qalib çıxmış Azərbaycanın dünyada "Orta güc" olaraq klassifikasiya edilməsi yuxarıda qeyd edilən faktorlarla yanaşı daha bir üstünlüyüdür.

Niyə məhz indi?

Bu mövzunun nə Qərb, nə də Ukrayna mediası tərəfindən xüsusi qabardılmaması təsadüfi deyil və ciddi səbəbləri var. Hər hansı vasitəçilik təşəbbüsü okeanın o tayında və Avropada müharibə tərəfdarlarının gündəminə ziddir. Hətta ABŞ-də qısa müddətdən sonra keçiriləcək prezident seçkisinin aqibətinin naməlumluğu, Fransa lideri Makronun dumanlı siyasi gələcəyi fonunda belə kollektiv Qərbin Ukraynaya ötürülən silah-sursatın həcmini artırması bu reallığın bariz göstəricisidir. ABŞ-də hakimiyyətə Tramp gələrsə, müharibənin indiki gedişində "U" dönüşü baş verəcək və bu dəyişiklik dərhal özünü Avropanın mövqeyində də göstərəcək. Odur ki, "Şahinlər"in tələskənliyi izaholunandır.

Həm Rusiya, həm də Ukrayna müharibədən yorulub. Taqətdən düşmüş tərəflərə aktiv hərbi əməliyyatlar fazasının dayandırılması hava-su kimi lazımdır. İndi əsas problem silahları susdurarkən simaların qorunub saxlanılmasındadır. Hadisələrin bu ssenari ilə mümkün irəliləməsi infrastrukturu və insan potensialı ciddi zərər görmüş, bir dövlət və xalq olaraq gerçək ekzistensial təhlükələrlə üz-üzə dayanmış Ukraynanın marağındadır. Biz tez-tez rəsmi Kiyevi yanlış siyasət yürütməkdə və Qərbin geosiyasi kaprizlərinin tapdağı altında qalmaqda qınayırıq. Əslində isə, Ukraynaya rəhbərlik edən şəxslərin də bu reallığı dərk etdikləri sirr deyil. Bu baxış bucağından, Kiyevin Moskva ilə amansız və sonu görünməyən hərbi çəkişməni dayandırıb Qərbin basqısının əksinə olaraq sülh gündəminə doğru yön götürməsi daha perspektivli nəticələr verə bilər. Bu gün Qərbin təzyiqlərinə baxmayaraq, Rusiyaya qarşı ikinci cəbhəni açmayan, Moskva ilə münasibətləri hamarlayıb separatçı bölgələrini hüquqi məkanına qaytarmağa çalışan Gürcüstan göz önündədir. Moskvanın Abxaziyadakı rejimə maliyyə dəstəyini dayandırması bu istiqamətdə əldə edilmiş ilk uğur hesab oluna bilər.

Digər tərəfdən, müharibənin bitməsi və diplomatiya müstəvisinə transfer edilməsi Rusiyaya da sanksiyalardan və iqtisadi sıxıntılardan qurtulmağa pəncərə açmış olar. Danışıqlar üçün həqiqətən də işıq ucu var: Minsk formatı. Çünki Moskva müharibənin başlanma səbəbini məhz Minsk danışıqları formatında gedən prosesin Kiyev və Qərb tərəfindən pozulmasında görür.

Təsadüfi sual, yoxsa nəbzin yoxlanılması?

Forumun moderatorunun Azərbaycan liderinə bu sualı niyə verməsi mövzunun özündən heç də az maraq kəsb etmir. Bu, az qala yeni Cahan savaşına yol aça biləcək münaqişənin səngiməsində Azərbaycanın mümkün rolunun Qərb ictimai rəyi tərəfindən ciddi qəbul edilməsinin göstəricisi deyilmi? Qərb və onun təsirində olan Ukrayna mediasının mövzuya xüsusi həvəs göstərməmələri bu reallıqla bağlı ola bilərmi? Forumda bu sualın səslənməsi göstərir ki:

- Qərb ictimai rəyində Azərbaycanın həm Rusiya, həm də Ukrayna siyasi hakimiyyətlərinə müharibənin dayandırılması üçün nüfuz edə bilmə potensialını görürlər. Prezident İlham Əliyevin hər iki dövlətin rəhbərləri ilə etimada əsaslanan işgüzar münasibətlərinin olması bu kontekstdə çox önəmlidir;

- Qərb dairələrində Rusiya-Ukrayna müstəvisində Azərbaycanın iştirakı ilə hansısa proseslərin getməsi barədə məlumatlıdırlar. Yoxsa nüfuzlu forumun moderatoru aydındır ki, belə bir sualı sadəcə sual xatirinə verməzdi. Yeri gəlmişkən, ötən həftə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin nümayəndəsi Patrik Prayorun Bakıya səfərinə də bu prizmadan yanaşmağa əsas varmı?

Azərbaycanın vasitəçilik potensialı

Hər hansı vasitəçilik onu həyata keçirənin münaqişə tərəfləri üzərində müəyyən üstünlüyünü, nüfuzunu ehtiva edir. Vasitəçi ya güc dayışıcısıdır, - məsələn, Minsk qrupu həmsədrlərinin illər ərzində Azərbaycan və Ermənistan tərəfindən bu statusda qəbul edilmələri kimi. Yaxud da etimad doğuran nüfuz sahibidir. Bu gün Azərbaycan Prezidenti tək sözügedən müharibə konstekstində deyil, regionumuzun hədlərini aşan daha miqyaslı coğrafiyada hadisələrə nüfuz edəcək gücə və hörmətə malik dövlət adamı statusunda qəbul edilir. Prezident İlham Əliyevin həm Putin, həm Zelenski ilə işgüzar təmasları bu kontekstdə çox önəmlidir.

Azərbaycan eyni zamanda, tərəflərlə geniş iqtisadi gündəmə malikdir. İqtisadiyyat isə tarixən çox siyasi dərdlərin dərmanı olub. Putinin Bakıya səfərindən sonra aktuallaşan qaz nəqli mövzusu hələ də aktualdır. Azərbaycan Prezidentinin sözügedən suala konkret və lakonik cavabında bu məqamların hər birinə toxunulub, eyni zamanda, həm də tərəflərin bir növ "qırmızı xətt"ləri mahir şəkildə nəzərə alınıb:

- Ukraynanın ərazi bütövlüyü: "Nəzəri cəhətdən bu (vasitəçilik-müəllif) mümkündür. Çünki Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik";

- Rusiyaya qarşı sanksiyalar: "Biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik. Biz heç vaxt bunun təşəbbüskarı olmamışıq, çünki bu işdə yaxından iştirak etmək istəyənlər kifayət qədərdir. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq";

- Vasitəçilikdə qaz amili: "Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaq";

- Müharibənin dayanması üçün zəmin və Azərbaycanın rolu: "Biz hər iki ölkə ilə təmasdayıq və görürük ki, ciddi irəliləyiş üçün zəmin var. Burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik".

Top
9.2532331943512