Azerbaycan İkinci Qarabağ müharibəsi zamanı öz torpaqlarını işğaldan azad edəndən sonra 10 noyabr Üçtərəfli Bəyanatı imzalandı. Sənəddə bütün digər məsələlərlə yanaşı, bölgədə bütün nəqliyyat və kommunikasiya xətlərinin açılması, eyni zamanda Naxçıvanın Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə birləşdirilməsi nəzərdə tutulub. Arxasınca Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini imzalayaraq bu və digər məsələlərdə bir-birilərinə tam dəstəklərini ifadə etdilər.
Bu sözləri Kriminal.Az-a İranın Rusiyanın Zəngəzur dəhlizinin açılmasına son günlər verdiyi dəstəyə etirazı barədə danışan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-polkovnik (korgeneral) İsmail Hakkı Pekin deyib.
Pekin, İranın Azərbaycanın güclənməsindən qorxduğunu bildirib:
"Zəngəzur dəhlizinin açılması ilə ticarət əlaqələrində böyük dəyişikliklər meydana gələcək. Burada İranın əsas qorxusu ölkənin daxili və siyasi-iqtisadi əlaqələr ilə bağlıdır. Rəsmi Tehran Zəngəzur dəhlizini özü üçün dezavantaj hesab edir və onun açılacağı təqdirdə Cənubi Qafqazdan ölkə üçün təhdid yaranacağını düşünür. Sözügedən məsələdə Rusiyanın mövqeyi demək olar ki, Türkiyə ilə eynidir. Onlar da bütün nəqliyyat və ticarət yollarının açılmasını, ixracatın asanlaşmasını istəyirlər. İndi Türkiyə Orta Asiya ilə ticarətini İran və Gürcüstan üzərindən həyata keçirir. Ancaq dəhlizin açılması halında ticarət Azərbaycan üzərindən gerçəkləşdiriləcək. Bu isə rəsmi Bakını bütün mənalarda gücləndirəcək və mövqeyini möhkəmləndirəcək. Azərbaycan dövlətinin dəfələrlə öz niyyətini, məqsədini, fəaliyyət istiqamətlərini açıq şəkildə ifadə etsə də, İran yenə qorxur. Abbas Əraqçinin bir neçə gün öncə qırmızı xətləri gündəmə gətirməsi həm bu qorxunun, həm də Rusiyanın son addımlara qarşı etirazın təzahürüdür".
General-polkovnik yaranan fikir ayrılıqlarının İran ilə Rusiya arasında çox güclü gərginliyə səbəb olmayacağını bildirib:
"Tehran və Moskva arasında yaranan problemin iki ölkənin bir-birindən ayrılmasına səbəb olacağına inanmıram. Ancaq bütün tərəflərin qəbul edəcəyi formulun tapılacağına inanıram. Çünki ortada təbii qaz və neftin ötürülməsi, dünya bazarına çıxarılması məsələsi var. Ona görə də tezliklə sülh müqaviləsi imzalanmalı, Zəngəzur dəhlizi və digər yollar açılmalıdır. Vaxt itirmədən dünya bazarına çıxmaq, "Bir kəmər, bir yol" layihəsini reallaşdırmaq lazımdır. Bu, Rusiya üçün həyati əhəmiyyət kəsb edir və Moskva Cənubi Qafqazda yeni münaqişə istəmir. Türkiyə ilə Azərbaycan dəhlizlə bağlı bütün infrastruktur işlərini demək olar ki, bitirib. Üstəlik Zəngəzur dəhlizi Türkiyə ilə İraqdan keçəcək "İnkişaf Yolu" dəhlizinə də birləşdiriləcək. Dəhlizin açılması iqtisadi canlanmağa səbəb olacağı üçün ölkəmizin terrorizmlə mübarizəsinə də müsbət mənada böyük təsir göstərəcək. İran kimi, Türkiyə və Azərbaycan da BRICS-ə üzvlük üçün müraciət edib. Problemlər var, amma bu məsələnin özü də onların həlli istiqamətində əlavə manevr sahəsi açır. Keçmişdə olan məsələlərin bir kənara qoyulması ilə hər kəsin razı olacağı həll variantının tapılması mümkündür. Nə vaxt baş verəcəyi dəqiq olmasa da, qarşıdan çox böyük müharibə gəlir, hər kəs tərəfini seçir və bütün dünya buna hazırlaşır. Ona görə də biz də problemləri həll etməli, gücümüzü artırmalıyıq".
Pekin, Zəngəzur dəhlizinin açılmasının zərurət olduğunu vurğulayıb:
"Türkiyə, Rusiya və Azərbaycanın Zəngəzur dəhlizi məsələsində eyni mövqedə olması çox önəmlidir. Ancaq İranın buradan özünə nəticə çıxararaq istiqamətini tamamilə Qərbə doğru dəyişəcəyinə inanmaq sadəlövhlük olardı. Danışıq mümkündür, çünki diplomatiya hər zaman balans siyasəti üzərində qurulur. Fikrimcə, Türkiyə, Azərbaycan və Rusiya bu istiqamətdə diplomatik səylərini daha da artırmalıdır. İndiki mərhələdə Zəngəzur dəhlizinin güc yolu ilə açılmasına cəhd bölgədəki balansı alt-üst edə, bölgə ölkələrini xarici təhlükələr qarşısında zəiflədə bilər. Ona görə də məsələlər diplomatiya yolu ilə həllini tapmalıdır. Məsələlərin həllini tapması prosesi uzana bilər, ancaq Zəngəzur dəhlizi mütləq şəkildə açılacaq. Yubatma mümkündür, lakin dəhlizin açılmasını əngəlləmək qeyri-mümkündür".
Söhrab İsmayıl