"Flibusta" internet kitabxanası fəaliyyətini davam etdirəcək.
"Serverlər ödənilib, sayt dəstəklənir, stabil rejimdə işləyirik", - deyə "Flibusta"nın qurucusu Stiverin 23 sentyabrda dərc etdiyi postun yenilənməsində bildirilib.
Kriminal.Az-ın "Novaya Qazeta Yevropa"ya istinadən verdiyi məlumata görə, bu yenilənmənin nə vaxt ortaya çıxdığı məlum deyil.
Stiverin orijinal postunun altındakı yenilənmə ilə əlaqəli şərhlər 19 oktyabr tarixlidir.
"Flibusta"nın yaradıcısı Stiver (əsl adını açıqlamır) sentyabrda ona glioblastoma diaqnozu qoyulduğunu elan etmişdi. "Təəssüf ki, "Flibusta" bununla, görünür ki, başa çatdı, mən özüm də. Hamıya təşəkkür edirəm, əyləncəli idi. Serverlər hələ bir neçə həftəlik ödənilib", - deyə o yazıb.
"Flibusta"nın bir çox istifadəçisi Stiverin postunun altındakı şərhlərdə serverlərin ödənilməsində iştirak etməyə hazır olduqlarını yazıb, bu məqsədlə vəsait toplamağa çağırıblar.
"Flibusta" 2009-cu ildə işə salınmışdı. Onlayn kitabxananın saytından rus və digər dillərdə kitabların elektron versiyalarını pulsuz yükləmək mümkündür. 2016-cı ildə Moskva Şəhər Məhkəməsi müəllif hüquqlarının pozulmasına görə onlayn kitabxananın saytını Rusiya Federasiyası ərazisində həmişəlik bloklamışdı.