kriminal.az
Deputat:

"Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Zəngilanın azad edilməsi şanlı zəfər tariximizin silinməz salnamələrindəndir. Rayonun işğaldan azad olunmasının həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti danılmazdır".

Bu fikirləri Kriminal.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.

O xatırladıb ki, 2020-ci il oktyabrın 20-də erməni işğalından azad olunmuş Zəngilanın ilk görüntüləri ürək ağrıdıcı idi:

"Digər bölgələrimizdə olduğu kimi, erməni vandalları Zəngilanı da yerlə yeksan ediblər. Yüzlərlə tarixi-mədəni abidəmiz, o cümlədən bəzilərinin tarixi eramızdan əvvəlki dövrlərə aid olan qədim nekropollar dağıdılıb. Zəngilan ərazisindəki faydalı qazıntı yataqları qeyri-leqal olaraq vəhşicəsinə istismar edilib. Rayonun ərazisindən keçən bol sulu Araz, Oxçuçay, Bəsitçay və Həkəri çayları işğal dövründə həddindən artıq çirkləndirilmişdi. Rayonun meşə örtüyü qırılıb yandırılmış, bütövlükdə bölgənin ekologiyasına uzun müddət bərpa oluna bilməyəcək dərəcədə ziyan vurulmuşdu".

Deputat bildirib ki, döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərən hərbi qulluqçularımız "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif ediliblər:

"Bu, hərbi qulluqçularımıza göstərilən böyük diqqətin növbəti təsdiqidir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 20 oktyabr Zəngilan Şəhəri Günü kimi müəyyən edilib. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Böyük Qayıdışın ilk addımlarından biri məhz Zəngilan rayonunda atılıb. İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərinin bərpası prosesi sürətlə davam edir".

O əlavə edib ki, bərpa-quruculuq işləri böyük sürətlə aparılır və birinci pilot layihə məhz Zəngilanda icra edilib.

"Rayonun Ağalı kəndində 200 evdən ibarət gözəl bir kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin tikilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, "ASAN", "DOST" xidmətləri və kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarına qayıdaraq orada məskunlaşmağa başlayıblar. Bu gün əminliklə deyə bilərik ki, Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir".

Parlamentari diqqətə çatdırıb ki, Zəngilan indi də keçmişdə olduğu kimi Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən bölgədir. Zəngilandan keçəcək Zəngəzur dəhlizi ölkəmizin qərb bölgələrini Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirəcək. Bu dəhlizin açılması ilə uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasının nəinki qərb bölgələrimizlə, eyni zamanda, bütün bölgə dövlətləri ilə birbaşa əlaqəsi təmin olunacaq. Bu, həm də tarixi Azərbaycan ərazisi olan qədim Zəngəzura yenidən qayıdışımızı təmin edəcək".

Ölkə başçısının Zəngilan rayonuna səfərlərini xüsusilə diqqətə çatdıran millət vəkili Səbinə Salmanova qeyd edib ki, işğaldan azad olunan Zəngilan rayonuna Prezident İlham Əliyev müxtəlif vaxtlarda 10-dan çox səfər edib. Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Zəngilan rayonunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Cənab Prezidentin bütün səfərlərində mühüm infrastruktur obyektlərinin təməqoyma mərasimləri olub. Mühüm infrastruktur obyektləri arasında Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması, eləcə də Zəngilan Beynəlxalq Hava Limanının açılışı xüsusilə qeyd edilməlidir.

Bərpa-quruculuq işləri çərçivəsində əldə olunan nəticələr işğaldan azad olunan ərazilərdə aparılan işlərin miqyasını əyani şəkildə nümayiş etdirir".

Mərahim Nəsib

Top
0.042140960693359