kriminal.az
Gürcüstandan olan səyyah:

"Hər səfərimdə Qarabağda fərqli inkişaf və gözəlliklər görürəm".

Bunu "Report"n Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında Gürcüstandan olan səyyah, Alyans Gənclər Mərkəzinin sədri Leyla Əhmədova deyib.

O, hər zaman Xankəndini görməyi çox arzuladığını bildirib: "Bu Qarabağa üçüncü, Xankəndiyə isə ilk səfərimdir. Xankəndiyə gəlmək məndə həyəcan və sevinc yaradır. Çünki bundan öncə gəldiyim səfərlərdə Xankəndiyə uzaqdan baxırdım və bir gün bura gəlməyi çox arzulayırdım. Bu zəfəri bizə yaşadan şəhidlərimizin qarşısında baş əyirəm. Hisslərimi ifadə etməkdə çox çətinlik çəkirəm".

Səyyah Qarabağa etdiyi digər səfərlərində keçirdiyi hissləri də bölüşüb:

"İlk səfərim çox emosional idi. Hətta Şuşaya ilk gələnlərdən idim. Bu, mənim üçün ağır idi. Xatırlayıram ki, səfərimdə saatlarım ağlayaraq keçdi. Çünki müharibə yeni bitmişdi və izləri hələ təzə idi. İkinci səfərimdə isə duyğusallıqdan daha çox qürur hissi yaşayırdım. Hər səfərimdə Qarabağda fərqli inkişaf və gözəlliklər görürəm. Odur ki, Qarabağa dəfələrlə gəlsəm də, yenə azdır".

L.Əhmədova Qarabağa qızını da gətirəcəyini qeyd edib:

"Qızım Gürcüstanda lap az yaşından Xocalı, Qarabağa dəstək və şəhidlərin aksiyalarında iştirak edib. O, bura gəlməyi çox arzulayır. Bir gün mütləq onu da Qarabağa gətirəcəyəm".

Top
0.046669006347656