"Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) təşkilati baxımdan ən yaxşı iqlim konfranslarından biridir".
Bunu Rusiyanın "Promsvyazbank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) vitse-prezidenti, dayanıqlı inkişaf idarəsinin rəhbəri Yekaterina Kuzmina Kriminal.Az-a tədbirlə bağlı təəssüratını bölüşərkən deyib.
"Məkan əladır, logistika möhtəşəm təşkil olunub. Ümumiyyətlə, Bakı çox qonaqpərvər, səmimi və dadlı yeməkləri olan şəhərdir", - deyə Kuzmina qeyd edib.
O əlavə edib ki, COP29-da çoxlu sayda birgə beynəlxalq layihələr formalaşır, müxtəlif ölkələr arasında aktiv əməkdaşlıq gedir.
"Rusiya pavilyonu xarici nümayəndələr arasında böyük populyarlıq qazanıb, maraqlı tanışlıqlar yaranır", - deyə Kuzmina əlavə edib.
"Promsvyazbank" ASC-nin vitse-prezidenti, həmçinin Azərbaycanın bank sektoru ilə əməkdaşlıq planlarından danışıb:
"Azərbaycanın bank sektoru ilə birgə iş üzrə tapşırıqlarımız var və biz, şübhəsiz ki, işləmək və birgə layihələrə sahib olmaq istərdik".
Qeyd edək ki, COP29 çərçivəsində Azərbaycan Mərkəzi Bankının artıq digər ölkələrin qoşulduğu yaşıl taksonomiya formalaşdırdığı elan edilib.
"Düşünürəm ki, bu istiqamətdə biz mütləq əməkdaşlıq etməli və müasir layihələr həyata keçirməliyik. Məncə, bu çox yaxşı ideyadır və bu istiqamətdə irəliləmək lazımdır", - deyə Yekaterina Kuzmina vurğulayıb.
Rufina Abdullayeva