Yaponiyada ucuz pivəsi və məşhur toyuq qanadları ilə tanınan "Yotteba" barlar şəbəkəsi sərxoş müştərilər üçün təqdim edilən qeyri-adi xidmətdən imtina etməyə məcbur olub. Söhbət ofisiantların müştəriləri şillələməsindən gedir.
Kriminal.Az "Independent"ə istinadən xəbər verir ki, bu xidmət içkili müştərilərin evə getməzdən əvvəl daha tez ayılmasına kömək etmək məqsədi daşıyırdı.
Cəmi 500 yen (təxminən 5.5 manat) müqabilində müştərilər ofisiantdan üzlərinə şillə vurmağı xahiş edə bilərdilər. Əlavə 100 yen (təxminən 1.1 manat) ödəməklə isə zərbəni vuracaq işçini seçmək mümkün idi.
Sosial şəbəkələrdə bu qeyri-adi xidmətlə bağlı çoxlu görüntülər yayılmış və "şilləyə dözən" müştərilər xüsusi alqışlanmışdı.
Lakin müştərilərdən birinin aldığı xəsarətlə bağlı şikayəti səbəbindən barlar şəbəkəsinin rəhbərliyi bu xidməti ləğv etmək qərarına gəlib.