kriminal.az
Azərbaycan haqqında danışmaqdan heç vaxt yorulmuram - Britaniya jurnalının redaktoru

Fəridə Zeynalova “National Geographic Traveller” (UK) jurnalında yemək və qastronomiya mövzuları üzrə redaktor müavini və səyahət yazarı kimi fəaliyyət göstərir. Demək olar ki, on ildir bu nüfuzlu nəşrin redaksiya heyətində yer alan Fəridə hazırda Böyük Britaniyada yaşayır və beynəlxalq media sahəsində uğur qazanan azərbaycanlı jurnalistlərdən biridir. Kriminal.az xəbər verir ki, o, AZƏRTAC-a müsahibəsində peşəkar fəaliyyəti, Azərbaycan kökənli olmasının yaradıcılığına təsiri və ən sevdiyi milli yeməklər haqqında danışıb.

– İlk olaraq, oxucularımıza özünüz haqqında bir qədər məlumat verərdiniz?

– Mən Bakıda anadan olmuşam və doqquz yaşımda ailəmlə birlikdə Böyük Britaniyaya köçmüşük. Valideynlərim Şəmkir və Xaçmazdandır, uşaq vaxtı hər iki bölgədə vaxt keçirmişəm. O yerlərlə bağlı uşaqlığım gözəl xatirələrlə doludur: manqal tüstüsünün tanış qoxusu, Xəzərin sularında saatlarla üzdüyüm yay günləri... Baxmayaraq ki, artıq 25 ildir Azərbaycandan uzaqdayam, özümü azərbaycanlı kimi hiss edirəm. Əslində, bu barədə danışmaqdan heç vaxt yorulmuram. Kökümün azərbaycanlı olması ilə fəxr edirəm.

– Artıq on ilə yaxındır ki, “National Geographic Traveller” (UK) komandasının bir hissəsisiniz. Sizi səyahət jurnalistikasına nə cəlb etdi və bu nüfuzlu jurnalla yolunuz necə başladı?

– Kiçik yaşlarımdan hər şeylə maraqlanan bir insan olmuşam. İnsanları və onların nələri hansı səbəbdən etdiklərini anlamağa can atmışam. Yaşım artdıqca bu xüsusiyyətim dəyişmədi. Dünyanı gəzməyə və müxtəlif mədəniyyətlərin sevincini, mürəkkəbliyini və özəlliklərini kəşf etməyə imkan verən bir iş istədiyimi bilirdim. Jurnalistika ixtisasını bitirdikdən sonra bir neçə səyahət jurnalında təcrübə keçdim. Asan deyildi, çünki bu təcrübələrin çoxu ödənişsiz idi. Amma səbir etdim, dayanmadan çalışdım və nəhayət, 2015-ci ildə “National Geographic Traveller” jurnalında ilk kiçik vəzifəmi qazandım. O vaxtdan bəri zəhmətlə addım-addım irəliləyərək bu günə gəlib çatdım.

– “National Geographic Traveller” jurnalında yemək mövzuları üzrə redaktor kimi siz hekayələri yemək üzərindən necə təqdim edirsiniz? Yeməyi səyahət yazıları üçün bu qədər güclü edən nədir?

– Mənim üçün yemək və səyahət bir-birindən ayrılmazdır. Bir bölgənin mətbəxi onun mədəniyyəti haqqında çox şey deyir. Yemək heç vaxt təkcə yemək deyil. Onun arxasında adət-ənənə, ailə bağları və dözümlülük kimi hekayələr dayanır. Kiminsə qarşısında oturub bir yeməyi paylaşmaq onun həyat hekayəsini dinləməyin ən yaxşı yoludur. Bu da uğurlu səyahət və qastronomiya yazılarının əsasını təşkil edir. Mən Kolumbiyadan İordaniyaya, Belizdən İslandiyaya qədər ezamiyyətlərdə olmuşam. Yeməyi bölüşmək mənim üçün yerli insanlarla ünsiyyət qurmağın ən yaxşı yoludur.

– Jurnalın multikultural redaksiya mühitində Azərbaycanla bağlılığınızın hekayələrinizə necə təsiri olur?

– Bu, mənə digər mədəniyyətləri daha yaxşı anlamağa kömək edir, xüsusilə də Aralıq dənizi, Yaxın Şərq və Şimali Afrika ölkələrinin mətbəxləri ilə Azərbaycan arasında oxşarlıqları görəndə. Səfərlər zamanı çalışıram ki, fərqli ölkələrdəki insanlara eyni hörməti və diqqəti göstərim. Ən çox maraqlandığım mövzulardan biri təmsil olunmayan icmalardır. Məsələn, Kolumbiyanın Karib sahillərindəki ərəblərin təsiri və ya Belizdə mayaların ənənələri. Mediada müxtəlif səslərin olması vacibdir. Mən, həmçinin Azərbaycanla bağlı yazmağa davam edirəm. Bakı üçün şəhər bələdçisi və ya Göygöldəki alman şərabçılığı kimi mövzularda. “Berlitz Pocket Guide Baku” kitabının müəllifiyəm. Vətənim yazmaq üçün ən sevdiyim yerlərdən biridir.

– Daha əvvəl Azərbaycanın bölgələrində köz üzərində bişmiş şiş kabablarını çox sevdiyinizi qeyd etmisiniz. Bu yemək sizdə hansı xatirələri və duyğuları oyadır?

– Quzu kababının qoxusu mənim üçün uşaqlığımın sinonimidir. Babam mənə kabab bişirərdi və eyni zamanda, Azərbaycan laylaları oxuyardı. İndi isə bu rolu qardaşım yerinə yetirir. O, kababı göyərti və narşərabla marinad edib hazırlayır. Yay günlərində bağ evimizdə manqal ətrafında keçirdiyimiz vaxtlar uşaqlığımdakı ən dəyərli xatirələrdəndir.

– Birləşmiş Krallıqda yaşayıb işlədiyiniz halda Azərbaycanla bağlılığınızı necə qoruyursunuz?

– Musiqi dinləməklə, sevdiyim yeməkləri bişirməklə və ailəmlə vaxt keçirməklə. Sevdiklərimlə söhbət edib mürəbbə ilə çay içmək adama azərbaycanlı olduğunu hiss etdirir.

– Azərbaycanın hansı yeməklərinin beynəlxalq aləmdə daha çox diqqətəlayiq olduğunu düşünürsünüz?

– Dovğa, piti, şah plov, xəngəl, qutab – bunların hər biri həm ləzzətli, həm özünəməxsus, həm də Azərbaycan mətbəxinin ayrılmaz hissəsidir. Dolma da bura daxildir. Bir çox ölkələrin dolması var, amma bizim dolmamız həm görünüş, həm də dad baxımından fərqlənir. Anamın sarımsaq qatığı ilə süfrəyə verdiyi quzu dolması isə mənim üçün dünyadakı ən sevimli yeməklərdən biridir.

– Redaksiyada başqa azərbaycanlı həmkarlarınız varmı? Azərbaycanlı olduğunuzu dedikdə iş yoldaşlarınız necə reaksiya verir?

– Xeyr, hazırda yalnız mən varam. Adətən maraqlanırlar və mən də onlara həvəslə hər şeyi izah edirəm. Masamın üstündə kiçik bir Azərbaycan Bayrağı və mini xalça var, yəni hamı haradan olduğumu bilir. Hətta “Azərbaycan haqqında 100 sual” adlı kitabım da var – nəyisə cavablandıra bilməsəm, kömək edir.

– Beynəlxalq mediada və səyahət jurnalistikasında işləməyi arzulayan gənc azərbaycanlı yazarlara nə tövsiyə edərdiniz?

– Başqaları ilə müqayisə etməyin. Hər zaman sizdən bir addım öndə olan biri olacaq. Amma sizin öz baxış bucağınız var və bu, sizin üstünlüyünüzdür. Bol səyahət yazıları oxuyun, amma öz üslubunuzu qoruyun. Cəsarətli olun və bildiyiniz mövzulardan başlayın – istər yemək, istər memarlıq, istər təbiət. Bu sahədə uğur səbir və hekayə danışmağa olan həvəsdən keçir.

– Bir çox fərqli yerləri ziyarət etdikdən sonra “ev” anlayışınızda dəyişiklik oldumu?

– Müxtəlif həyat tərzindən olan insanlarla tanış oldum və öyrəndim ki, “ev” hər kəs üçün fərqli mənalar daşıyır. Bəzən bu, doğulduğun yer və ya pasportundakı ölkə olmur. “Ev” insanın aid olduğunu və rahat hiss etdiyi yerdir. Bəziləri üçün bu, bir neçə yer də ola bilər. Mənim üçün isə “ev” – anamın olduğu yerdir.

– Əgər “National Geographic Traveller” üçün Azərbaycanın yalnız bir bölgəsi haqqında geniş məqalə yazmaq imkanınız olsaydı, haranı seçərdiniz və niyə?

– Qubanı daha dərindən kəşf etmək istərdim. Şuşa da çox maraqlıdır. Amma ən çox məni Naxçıvan cəlb edir. Bura mənə sirli və özünəməxsus bir yer kimi görünür. Yəqin ki, bu üç bölgədən birini seçərdim.

– Azərbaycana tez-tez gedirsinizmi? İndi vətənə qayıtmaq sizin üçün nə deməkdir – həm bir şəxs, həm də bir jurnalist kimi?

– Çalışıram ki, iki ildən bir Azərbaycana gedim. Adətən Bakıya enirəm, sonra isə Şəmkirdəki ailəmi ziyarət edirəm. Bu il jurnalist kimi getmişdim. Azərbaycan şərabçılığı ilə bağlı məqalə yazdım. Yaxın günlərdə “nationalgeographic.com/travel” saytında dərc olunacaq. Hər səfərdə nəsə yeni bir şey öyrənirəm, həm azərbaycanlı olduğumu göstərən cəhətləri, həm də olmadığımı hiss etdiyim yönləri. İki fərqli dünyaya aid olmaq mürəkkəb, amma çox zəngin bir təcrübədir.

Top
0.065217018127441