"Əsas məqsədimiz Azərbaycanın təhlükəsizliyi və inkişafıdır. Prezident İlham Əliyevin sayəsində çiynimizdən ağır yük götürüldü və bundan sonra ölkəmizin inkişafı da qaçılmazdır".
Kriminal.Az xəbər verir ki, bunu Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" mövzusunda keçirilən konfransda Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
O bildirib ki, İlham Əliyev söz vermişdi ki, Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar:
"Ölkə başçısı vədinə əməl etdi. Demək olar ki, İlham Əliyev hər həftə azad edilən ərazilərə gedir, proseslərə şəxsən nəzarət edir ki, qarşımızda duran problemləri həll etsin, həm "Böyük Qayıdış" layihəsinin irəliləməsində heç bir çətinlik olmasın, həm də bərpa-quruculuq işləri uğurla davam etsin. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncama əsasən, 2027-ci ilə qədər həmin ərazilərə 34 min 500 ailə köçürüləcək, 34,5 min mənzil və fərdi yaşayış evi inşa ediləcək. Bütün bu məsələlər həllini tapandan sonra Azərbaycanın davamlı inkişaf və təhlükəsizliyi də hər zaman təmin olunacaq".