kriminal.az
Milli Məclis enerji resursları ilə bağlı qanunda dəyişikliyi təsdiqlədi

Milli Məclisdə "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Kriminal.Az xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirələri zamanı bir sıra məsələləri qaldırılıb:

"Bu məsələlərdən biri bilavasitə qanun layihəsinin mətni ilə bağlı olub və stilistik xarakterli düzəlişi ehtiva edib. Belə ki, deputat Elçin Mirzəbəyli "enerji resurslarının satış məbləğində fonda ayrılması nəzərdə tutulan vəsait" ifadəsinin dəqiqləşdirilməsinə, bununla da həmin ifadənin daha aydın başa düşülməsinin təmin edilməsinə zərurət olduğunu bildirib. Bu məsələ komitə olaraq bizim də diqqətimizdə olub və tərəfimizdən həmin ifadənin yeni variantda verilməsi ilə bağlı qanunvericilik təşəbbüsü subyektinə müraciət edilib və razılaşdırılıb. Beləliklə, artıq qanunun mətnində dəyişdirilməsi təklif olunan "enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)" ifadəsinin "enerji resurslarının satışından bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilən məbləğdə fonda köçürülən vəsait" ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bununla da həm fikrin daha aydın ifadə olunması təmin olunur, eyni zamanda isə "fonda köçürülən vəsait"in miqdarının hansı normativ sənədlə müəyyən olunmasına aydınlıq gətirilir. Hesab edirəm ki, bu düzəliş çox müsbətdir və normanın aydın və birmənalı başa düşülməsinə yönəlib".

Qanun layihəsi sonuncu oxunuşda qəbul edilib.

Mərahim Nəsib

Top
0.04101300239563