"Birinci Qarabağ müharibəsi veteranıyam, Şuşaya gedən kimi ən birinci şəhidlərimizin məzarını ziyarət edəcəyəm".
Bunu Kriminal.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Vüqar Şahlar oğlu Məmmədov deyib.
O bildirib ki, doğma torpağa köç etmək hər bir məcburi köçkünün arzusudur:
"Bu, həyatımızın ən gözəl günlərindən biridir. Şuşaya çatan kimi birinci şəhidlərimizin məzarını ziyarət edəcəyəm. Özüm də Birinci Qarabağ müharihəsi döyüşçüsüyəm. Nə qədər itkilər verdik, nə qədər çətin günlər yaşadıq, onu yaxşı bilirəm. Ona görə də bu günlər bizim üçün çox qiymətlidir.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 51 ailə (208 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov