"Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi təsdiqlənib.
Kriminal.Az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, saziş 2024-cü il dekabrın 10-da Bakı şəhərində "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə "Asian Mining Holding FZ" LLC və "AzerGold"un Ortaq Şirkəti arasında imzalanıb.
Layihəyə əsasən, qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində işlər aparmaq üçün müstəsna hüquq verilir.
Sənəddə vurğulanıb ki, sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.
Mərahim Nəsib