Kubra Məhərrəmova yazır...
Faciəli aviaqəza nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbir, sağ qalanlara cansağlığı arzu edirəm. Allah heç kimi belə dərdlə sınağa çəkməsin.
Dünən çox ağır gün idi. Elə bu də hər birimiz üçün çox ağırdır. Çünki şübhələr, ehtimallar, fərziyyələr bir-birini əvəz etdikcə insanın içində sanki bir tufan qopur.
Önə bir sıra digər faktlar da çıxır ki, ilk baxışda onun fərqinə varmırsan, amma təkrar-təkrar baxdıqca, oxuduqca qarışıq hisslər yaşayırsan. Qəzəb, kədər, ümidsizlik və qürur.
Dünən qəzaya uğrayan AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən iki pilotun qəhrəmancasına son anadək təbiət, fizika, hərb, bəxt, qravitasiya və mümkün olan bütün qanunlarıyla döyüşünə baxanda, bir fikir ağlıma gəlir.
Son anda onlar nə düşünüblər? İnanıblarmı ki, təyyarəni açıq sahəyə endirə biləcəklər? Yoxsa, ölümü gözə alıb, heç olmasa kimsə xilas olsun deyə, son həmləni ediblər?
Hər ikisi qəhrəmancasına həlak oldu. Kşnyakin İqor və Aleksandr Kalyaninov.
Allah sizə rəhmət eləsin!
Son anadək sərnişinləri sakiləşdirməyə çalışan stüardessa Hökümə Əliyevanın "hər şey yaxşı olacaq" deməsi və vəzifəsini son ana qədər layiqincə yerinə yetirməsi adamı qəhərə boğur... Ümidsizliyin son həddi, təyyarə yüksəkliyi itirir, qəza şəraitindədir, bir neçə dəfə qəza siqnalı dispetçerlərə göndərilib, yerlə toqquşma qaçılmazdı, amma onlar əsl zabit kimi, son anadək təmkinlərini pozmurlar... və əbədiyyətə qovuşurlar.
Lakin AZAL-da heç də hamı bu ekipaj üzvləri kimi işini sona qədər peşəkarcasına, layiqincə yerinə yetirə bilmədi.
Dünən faciə baş verən kimi bütün məlumatları Qazaxıstan tərəfi rəsmi və qeyri-rəsmi qaydada mediaya ötürməyə başladı. Qəzadan sonra təyyarənin görüntüsü, qəzanın ərazisi, sağ qalanların xilasedilmə əməliyyatı yayıldı. Hətta təyyarədə olanların siyahısını da ilk Qazaxıstan tərəfi təqdim etdi. Halbuki uçanlar Bakıdan uçurdu və məntiqlə siyahını biz birinci bilməli idik.
Amma AZAL siyahını ən sonda təqdim etdi. Nəyi yoxlayırdılar, bilmirəm.
İkincisi, əvvəl AZAL-ın təqdim etdiyi brifinqə ötəri baxdım, çünki gözüm Qazaxıstan, Rusiya, Ukrayna KİV və "Telegram" kanallarında idi.
Təkrarən baxanda AZAL-ın ictimaiyyətlə əlaqələrə nə dərəcədə dəyər verməsinin şahidi oldum.
Görünür AZAL kimi böyük şirkət ictimaiyyətlə əlaqələrə elə də ciddi yanaşmır ki, belə bir durum ortaya çıxdı. Qurumun gənc əməkdaşı hamıya məlum olan - köhnə informasiyanı kağızdan oxudu, "bitdi", "durun gedək" ifadələri işlədildi, özü də xüsusi əda ilə...
Jurnalistlərin sualları cavabsız qalıb, Heydər Əliyev Beynəlxalq Aeroportunun sözçüsü isə qalxıb gedir. Əgər işiniz çoxdursa, jurnalistlər zamanınızı aldılarsa, bir zəhmət bağışlayın onları. Axı onlar sadə insanlardır, adi mətbuat işçiləridirlər...
Onsuz da, yerli mətbuatın AZAL-dan bir yüksək gözləntisi, ümidi yox idi. Jurnalistlər qəzada həyatını itirənlər, yaralananlar və onların yaxınları üçün oraya gəlmişdilər.
Hörmətli xanımlar və cənablar! İlk növbədə nəzərinizə çatdırım ki, faciə baş verib. Və faciə ilə bağlı ilk növbədə AZAL xəbər verməli idi, Qazaxıstan rəsmiləri yox!
Siz media qarşısına çıxıb ictimaiyyətə hesabat verməlisiniz! Əgər əlinizdə heç bir məlumat yoxdursa, o brifinqi niyə edirdiniz? "Bunu da etdik" demək üçün?!
Yəni o boyda AZAL-ın kommunikasiya strategiyası və böhran idarəetmə planı mövcud deyil ki, məsul şəxslər nə etməli olduğunu bilmirlər? Yoxsa, qlamur ofisə elə çay-kofe içməyə gedirlər?
Mətbuatla işləyən şəxs(lər)in ən böyük və vacib işi elə mətbuatla işləməkdir, özünü daha vacib işi varmış kimi aparmağa ehtiyac yoxdur! Suallara cavab verməlisiniz, çünki əzizləri barədə xəbər tutmaq insanların təməl haqqıdır!
Və deməyin ki, "qaynar xətt" təşkil etmişik zəng eləsinlər. Zəng edənlərə heç kim tutarlı cavab verməyib.
Bütün bu boşluqları AZAL-ın sosial media hesablarını qaraya bürüməklə ört-basdır etmək mümkün olmayacaq. Şərhləri bağlamaq da çıxış yolu deyil!
Qazaxıstanda sıradan saytlar bütün məlumatları paylaşdığı halda AZAL-ın qara rəngli sentimental paylaşımlar etməsi bu qurumun adına sadəcə ayıbdır, utancvericidir.
Qara rəngə bürünməkdənsə, brifinqə faciəli qəza nəticəsində həyatını itirənlər üçün Allahdan rəhmət diləməklə başlamaq lazım idi. Çünki artıq həyatını itirənlərin sayı da, az qala adları da bəlli idi.
Mənə maraqlıdır, görəsən, bütün dünyanın müzakirə etdiyi aviaqəzanın nəyini AZAL-ın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları gizlətməyə çalışırdılar ki?
Amma inanın ki, gizlətməyi bacarmadınız, əksinə ortaya yeni gerçəkliyi qoydunuz.
Onu ortaya qoydunuz ki, peşəkar deyilsiniz! Verilən məlumatı üzündən oxuya bilmirsiniz! Əgər həyəcan və hisslərinizə hökm edə bilmirsinizsə, bunu başqasına həvalə edin!
İkincisi, mətbuatla hörmətli davranmaq lazımdır. Çünki bu gün siz vəzifədə ola bilərsiniz, amma mətbuat həmişə yerindədir. Mətbuatın birinci vəzifəsi də məlumat toplamaqdır. Sizin kimi "peşəkarlar" susduqca və ya özünü əlçatmaz zənn elədikcə, mətbuat da "Telegram" kanallarına və digər ölkələrin KİV-nə istinad edərək işləyəcək.
Bir sözlə, AZAL bu qəzadan sonra həm də yerli mətbuatın onlara olan inam və etibarını itirdi...
Mətbuata qarşı davrandığınız kimi onlardan da adekvat cavab görəcəksiniz! Sabah yenə hər hansı press-relizi KİV-də paylaşmaq üçün qapı-qapı düşəcəksiniz. Nə olar ki, göydə uçanda, indi isə kəmərləri bərkidib yerə enmək vaxtıdır!