Quba rayonunun Vladimirovka və Aşağı Xuc kəndlərindəki məktəblərin qəzalı vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
“Kriminal.az " xəbər verir ki, Vladimirovkada 500-dən artıq şagirdin çətin şəraitdə təhsilini davam etdirəcəyi deyilir. Həmçinin rayonun Aşağı Xuc kəndindəki məktəb də təmir olunmadığı üçün ciddi çətinliklər yaradır.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən təhsil müəssisələri ilə bağlı aidiyyəti üzrə müraciət olunub: “Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi, yeni məktəb binalarının inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərimizdən biridir.
Rayonun İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta ümumtəhsil məktəbi və Nəsib Dadaşov adına Aşağı Xuc kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Təhsil müəssisəsinin təmiri və tikintisi ilə bağlı aidiyyəti üzrə müraciət olunub. Qeyd edirik ki, təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.
Həmçinin qeyd edilib ki, son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib, 5 modul tipli məktəb istifadəyə verilib. 7 məktəb binası isə sökülərək yenidən tikilib. Hazırda Quba rayonu, Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb, Qusar rayonu, Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb, Cibir rayonu üçün 264 şagird yerlik məktəb və Şabran rayonu, Ağalıq kəndində 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi davam edir.(qafqazinfo)