"Azərbaycan Hava Yolları" QSC-nin Müşahidə Şurasının qərarına əsasən, Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190" sərnişin təyyarəsinin qəzası nəticəsində həlak olanların ailələrinə 40 min manat məbləğində kompensasiya ödəniləcək.
Qəza nəticəsində xəsarət alan hər bir sərnişinə isə 20 min manat kompensasiya ödənilməsi nəzərdə tutulub. Bundan əlavə, bütün sərnişinlərə Azərbaycan qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq müvafiq sığorta ödənişləri veriləcək.
Bəs belə hallarda sığorta ödənişləri necə tənzimlənir?
Kriminal.Az xəbər verir ki, sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlovun Xəzər TV-yə dediyinə görə, təyyarə qəzalarında ölən və yaralanan şəxslərə verilən sığorta təminatları müxtəlif məhsullara əsaslanır. Onun sözlərinə görə, hava nəqliyyatı sahəsində icbari fərdi qəza sığortası, məsuliyyət sığortası və səyahət sığortası mövcuddur.
Ekspert qeyd edib ki, məsuliyyət sığortasında dəqiq məbləğ göstərilmir və bu ödənişlər bir neçə faktora əsaslanır. Beynəlxalq hüquqla təyyarə qəzaları zamanı kompensasiya ödənişlərini tənzimləyən proseslər və öhdəliklər müəyyən edilir. Təyyarə qəzasında yaralanmış və ya həyatını itirmiş şəxslərin ailə üzvləri hüquqi müstəvidə səbəbkar olan ölkəyə qarşı iddia qaldıra bilərlər.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik: