Rusiya Prezidenti Vladimir Putin "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" təyyarəsinin dekabrın 25-də Rusiya ərazisində "Pantsir-S1" hava hücumundan müdafiə sistemi tərəfindən vurulması ilə bağlı dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.
Nəhayət ki, gözlənilən zəng gəldi və Rusiya prezidenti Azərbaycan cəmiyyətinin, bütövlükdə beynəlxalq ictimaiyyətin narahatlığına son qoydu. Vladimir Putin bəyan etdi ki, baş verənlərə görə üzr istəyir. Bu, ilk növbədə, Azərbaycan Prezidentinin faciə ilə bağlı son ana qədər qətiyyətinin nəticəsi kimi qiymətləndirilməlidir.
Qəza baş verən andan Azərbaycan Prezidenti Rusiyaya səfərini yarımçıq qoyub ölkəyə qayıtdı. Ardınca hadisənin araşdırılması üçün Dövlət Komissiyası yaratdı. Faciənin baş verdiyi ərazidə həlak olanların nəşinin ölkəyə gətirilməsi, yaralıların müalicəsi və s. zəruri məsələlərin həlli ilə bağlı tapşırıq və göstərişlərini verdi.
Qəzadan bir müddət sonra mediada təyyarə qəzasının Rusiya ərazisində hava hücumundan müdafiə sisteminin hücumuna məruz qaldığı barədə Azərbaycan hakimiyyətinə istinadən xəbərlər yayıldı. Bildirildi ki, təyyarəyə kənar müdaxilə olub və qəza da bu səbəbdən baş verib.
Bu xəbərdən sonra həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq ictimaiyyətdə Rusiya tərəfinin baş verənlərə görə üzrxahlıq edəcəyi, eyni zamanda, məsələyə aydınlıq gətirəcəyinə böyük ümidlər yarandı.
Daha sonra ölkə vətəndaşlarının təhlükəsizliyi məqsədilə Azərbaycandan Rusiyanın 10 şəhərinə - Qroznı, Mahaçqala, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratova uçuşlar dayandırıldı. Bu addım da ölkə rəhbərliyinin vətəndaşların təhlükəsizliyinə verdiyi önəmin göstəricisi idi.
Yaranmış vəziyyət təkcə Azərbaycanda deyil, aviasiya daşımalarının təhlükəsizliyindən narahat olan digər ölkələrdə də diqqət mərkəzindədir.
Rusiya prezidentinin üzrxahlığı ondan xəbər verir ki, Moskva Azərbaycanla ikitərəfli münasibətlərin dost və strateji həddə saxlanmasında maraqlıdır. Münasibətlərə xələl gətirilməsi onun mövqeyinə uyğun deyil.
Növbəti addım isə, şübhəsiz ki, təyyarə qəzası zamanı həlak olanların ailələrinə beynəlxalq qanunvericiliklə nəzərdə tutulmuş kompensasiya, müəyyən təzminatların ödənilməsidir. Ümid edirik ki, bu da olacaq. Bunu beynəlxalq hüquq da zəruri edir.
Digər bir addım isə hadisənin törədilməsində günahı olan şəxslərin cəzalandırılmasıdır. Bəli, Rusiya faktla bağlı cinayət işi açıb. Belə ki, Aktauda fövqəladə hadisədən sonra Rusiya İstintaq Komitəsi hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi başladıb. İbtidai istintaq hərəkətləri aparılır, mülki və hərbi mütəxəssislər dindirilir.
Ümidvarıq ki, günahkar şəxslər layiqli cəzalarını alacaqlar.
Xatırladaq ki, qəza baş verəndən sonra Rusiyanın müxtəlif dairələrində fərqli bəhanələr gətirildi. Gah təyyarənin quş dəstəsi ilə toqquşduğu, gah oksigen balonunun partladığı iddiaları səsləndi. Rusiyanın aidiyyəti orqanlarının məsuliyyətsizliyi həm də ondadır ki, Çeçenistan ərazisində "Kovyor" ("Xalça") planı tətbiq edilir. Lakin nədənsə hava məkanı qapalı elan olunmayıb.
Qapalı rejim havada olan bütün təyyarələrin dərhal eniş etməsi və ya belə rejimin tətbiq olunduğu zonadan çıxmasını nəzərdə tutur.
Eniş aeroportundakı dispetçerlər Azərbaycandan gələn təyyarəni təhlükə barədə xəbərdar etməyiblər - çox güman ki, istintaq bu suala da aydınlıq gətirəcək. Bu, həm də Rusiyanın maraqlarına uyğundur.
Yaranmış vəziyyətlə əlaqədar Rusiyanın Çeçenistan Respublikası rəhbərliyinin atdığı addımlar da təəssüf doğurdu. Məsələn, təyyarənin vurulmasından sonra respublika rəhbəri Ramzan Kadırov qohumu, Qroznının hava hücumundan müdafiəsinə cavabdeh olan Həmzət Kadırovu təltif etdi. Bu isə cəmiyyətdə Çeçenistan liderinin Azərbaycana hörmətsizliyi kimi qarşılandı.
Lakin hesab edirik ki, "qara qutu"ların açılmasından sonra qaranlıq qalan bütün məsələlərə və suallara aydınlıq gətiriləcək.
"Report" İnformasiya Agentliyi