"Konstitusiyamızın qəbulu və suverenliyimizin bərpasının əsası məhz ümummilli liderin yenidən hakimiyyətə qayıtması ilə formalaşdırıldı. Məhz 1993-cü ilin iyun ayında ümummilli liderin yenidən hakimiyyətə qayıtması Azərbaycan üçün böyük zəfərə imza atmanın təməlini formalaşdırdı. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridirlər. Suverenliyimizin tam bərpasının banisi ümummilli lider, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımız və Şanlı Ordumuz oldu".
Kriminal.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycan tarixinin ən şanlı günləri və ən parlaq səhifələri yaşanır:
"Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkədir. 44 günlük müharibədə əldə etdiyimiz zəfərlə təkcə suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilməyib, 27 il işğalda, əsarətdə qalmış ruhumuz da öz azadlığına qovuşub. Və bütün bunlar, cənab Prezident İlham Əliyevin siyasi təmkini, beynəlxalq arenada böyük diplomatik nüfuzu, hərb meydanında qəbul etdiyi cəsarətli qərarlar sayəsində mümkün oldu. 27 il həsrətlə baxdığımız torpaqlarda bu gün böyük quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunan bütün digər ərazilərimiz kimi Füzuli rayonu da Azərbaycan Prezidentinin rəhbərliyi altında yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Artıq Füzuli rayonunda 3 mindən çox vətəndaşımız məskunlaşıb. Böyük Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb. Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə resurslarına bərpa edir və yenidən qurur. 2025-ci ilin dövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq".
Mərahim Nəsib